Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

about1

Azərbaycan Mətbuat Şurası ilə Rusiya Federasiyasının Udmurdiya Respublikasının Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb. Sənədə MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Udmurdiya Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko imza atıblar. Memorandumda birgə konfrasların və qarşılıqlı səfərlərin təşkili, jurnalistika sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, eyni zamanda media ilə bağlı kitabların nəşri nəzərdə tutulub.

MŞ sədri Ə.Amaşov bildirib ki, mətbuat xalqların bir-birinə yaxınlaşmasında, dostluq və qardaşlıq ənənələrinin təbliğində son dərəcə mühüm vasitədir və imzalanmış memorandumda nəzərdə tutulan məsələlərin reallaşdırılması bu baxımdan zəruri əhəmiyyət daşımaqdadır. MŞ sədri çıxışında həmçinin Azərbaycanda KİV sahəsindəki vəziyyətdən, bu istiqamətdəki dövlət siyasətinin müxtəlif məqamlarından, rəhbərlik etdiyi qurumun fəaliyyətindən söz açıb.

Udmurdiya Jurnalistlər İttifaqının sədri Y.Kapitonenko çıxışında Azərbaycan Mətbuat Şurası ilə imzalanmış anlaşma memorandumunun rəhbərlik etdiyi təşkilat üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb və əmin olduğunu bildirib ki, sənəd perspektiv əməkdaşlığın daha dinamik formalarının seçilməsi üçün baza rolunu oynayacaqdır.

İmzalanma mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının viste-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanla Udmurdiyanın qarşılıqlı əməkdaşlığında elmi və yaradıcılıq müstəvisindəki birgə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Bu, digər sahələrdəki işbirliyinə təkan baxımından vacibdir. İ.Həbibbəyli imzalanmış memorandum çərçivəsində Azərbaycandan Udmurdiyaya, Udmurdiyadan isə Azərbaycana faydalı jurnalist səfərlərinin təşkil olunacağına əminliyini dilə gətirib.

Udmurdiya Respublikasının Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri vəzifəsini icra edən Nazilə Abaşeva Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında imzalanmış anlaşma memorandumunun əhəmiyyətindən danışarkən bildirib ki, Rusiyanın regionlarının ölkə və dünya arealına inteqrasiyası vacibdir. O, udmurdiyalı jurnalistlərin beynəlxalq müsabiqələrdə və layihələrdə iştirakı təcrübəsinin olduğunu vurğulayıb və respublika mediasının əməkdaşlığa hazır olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumunun imzalanması ilə bağlı keçirilmiş mərasimdə həmçinin MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Udmurdiyanın milli siyasət nazirinin müavini Nelli Mamayeva, «Dostluq» Udmurdiya Azərbaycan İctimai Mərkəzinin nümayəndələri, yerli jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onu da bildiririk ki, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Udmurdiyanın Dövlət Şurasında, Nazirlər Kabinetində, Milli Siyasət Nazirliyində  və digər qurumlarda görüşlər keçiriblər.

27.07.2018