Mətbuat Şurasında “TikTok”da fəal olan jurnalistlərlə görüş keçirilib

about1

İyunun 16-da Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “TikTok” platformasında fəal olan media təmsilçilərinin bir qrupu ilə görüş keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid son illər “TikTok”un ölkəmizdə populyarlaşdığına diqqət çəkib və bildirib ki, mövcud amil ona həm də informasiyanın yayılması arealı kimi yanaşmanı aktuallaşdırmaqdadır. Bu prosesdə isə jurnalistlərin daha aktiv iştirakı günün tələbidir. “Mayın 30-da “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub. Bundan əvvəl, mayın 12-də isə “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundovla görüşmüşdük. Ümumən, “TikTok” maraqlıdır ki, platformada kontent səviyyəli olsun. Buna görə ölkəmizdəki müxtəlif qurumlarla əməkdaşlığa səy göstərir”, - deyə R.Məcid vurğulayıb.

MŞ sədri onu da bildirib ki, Azərbaycan jurnalistlərinin “TikTok” müstəvisində səviyyəli kontentin formalaşmasında iştirak imkanları yüksəkdir. O, bu iştirakçılığın xoşagəlməz halların qarşısının alınmasında, informasiya müstəvisində manipulyasiyaların aradan qaldırılmasındakı önəmindən söz açıb.

“Biz nə edə bilərik? Hesab edirik ki, “TikTok” nümayəndələri Azərbaycan jurnalistləri üçün təlimlər keçirə bilərlər. Mövcud istiqamətdə dəstəyimizi göstərə biləcəyimizi vurğuladıq. Xüsusən də gənc jurnalistləri bu platformaya həvəsləndirmək vacibdir”, - deyən R.Məcid Mətbuat Şurasının aktiv sosial şəbəkələrdəki aktiv media təmsilçiləri ilə təmaslara üstünlük verdiyini də diqqətə çatdırıb. O, ötən il onlarla keçirilmiş görüşdə Şuranın etik prinsiplərə riayət edilməsinin vacibliyinin vurğulandığı müraciətinin yayıldığını vurğulayıb.

Görüşdə iştirak edən “TikTok”da fəal olan jurnalistlər mövcud platformadakı informasiya yayıcılığı ilə bağlı müxtəlif məqamlara toxundular. Onlar bildirdilər ki, məsələyə önəm verilməsi həm də ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir. Görüşdə bu baxımdan ayrı-ayrı misallar üzərində dayanıldı. Jurnalistlər, həmçinin, özlərinin səhifələrinin əsassız yerə silinməsi kimi halların mövcudluğunu qabartdılar. Eyni zamanda, ilk mənbə rolunda çıxış edən dövlət qurumlarının mediaya informasiya verilməsinə məsul əməkdaşlarının da “TikTok”da fəallıqlarına ehtiyacın duyulduğunu bildirib, bunun yanlış informasiyaların qarşısının alınması nöqteyi-nəzərdən əhəmiyyətinə toxundular.

Görüşdə qaldırılan məsələlər qruplaşdırıldı və bildirildi ki, bütün bunlar gələcəkdə “TikTok” rəhbərliyinin Azərbaycan jurnalistləri ilə təmasları zamanı da müzakirəyə çıxarıla bilər. 

19.06.2023