Mətbuat Şurasında Şəmsəddin Kuzəçi ilə görüş keçirilib
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Bakıda səfərdə olan araşdırmaçı-jurnalist, alim və yazıçı Şəmsəddin Küzəçi Azərbaycan Mətbuat Şurasında olub.
MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin də iştirak etdiyi görüşdə qonağı salamlayan MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət missiyası, reallaşdırdığı tədbirlər barədə məlumat verib. Şuranın türk coğrafiyasnı əhatə edən bölgələrdəki jurnalistlərlə istər ayrı-ayrı qurumlar çərçivəsində, istərsə də fərdi səviyyədə əlaqələrindən bəhs edən R.Məcid bu baxımdan diqqəti İraq türkmanlarının media mənsubları ilə təmasların vacibliyinə yönəldib. O, bu əlaqələrin zəruriliyinə həm həqiqətlərin və reallıqların, həm də ortaq mədəniyyət və adət-ənənələrin təbliği baxımından aydınlıq gətirib.
Ş.Kuzəçi də gələcək nəsillərin bir-biri ilə daha sıx təmasının əhəmiyyəti barədə söz açıb. O, Azərbaycana müxtəlif illərdə etdiyi səfərlərlərlə bağlı təəssüratların qələmə aldığı kitablarda yaşatdığını vurğulayıb. Qonaq bu qəbildən olan, eyni zamanda, elmi yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən kitablarını MŞ sədrinə hədiyyə edib.
İraqda, ümumən türk dünyasında mətbuatla bağlı çoxsaylı araşdırmaları ilə tanınmış Ş.Kuzəçi ölkəmizə hər səfərinin onda zəngin təəssürat yaratdığını vurğulayıb, İraq və Azərbaycanın media qurumları arasındakı münasibətlərin güclənməsinə duyulan ehtiyaca diqqət çəkib. Ş.Kuzəçi MŞ sədri R.Məcidə türk dünyası əlaqələrinə verdiyi dəstəyə görə rəhbəri olduğu Dünya İletişimlər Dərnəyinin diplomunu təqdim edib.