Özbəkistanın media nümayəndələri Mətbuat Şurasında olublar
Bu gün Özbəkistanın MY5 telekanalının (Menim Yurtum kanalı) baş direktoru Koburjan Ahmedov və baş prodüseri Baxtiyar Turaxanov Azərbaycan Mətbuat Şurasında olublar.
MŞ sədri Rəşad Məcid qonaqları salamlayaraq, onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verib. Şuranın beynəlxalq əlaqələrindən, o cümlədən, türk dünyasının media qurumları ilə təmaslarından söz açan Şura sədri bütün sahələrdə olduğu kimi, Azərbaycanın və Özbəkistanın media qurumları arasında da əməkdaşlığın vüsət almasından məmnunluğunu bildirib.
MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin, Şuranın icraçı katibi Əvəz Rüstəmovun və ictaçı katibin müavini İlqar Tağıyevin, həmçinin, Azxeber.com saytının redaktoru Əfsələddin Ağalarovun, Editor.az saytının baş redaktoru Fərid Şahbazlının da qatıldığı görüşdə, qonaqlar K.Ahmedov və B.Turaxanov təmsil olunduqları telekanalın fəaliyyətindən, ümumən, Özbəkistanda media sahəsindəki vəziyyətdən söz açıblar, yenilikləri diqqətə çatdırıblar. Onlar, həmçinin, Azərbaycana gəlişlərinin məqsədi barədə də danışaraq bildiriblər ki, qarşılıqlı səfərlər təcrübə mübadiləsinin artırılması baxımından böyük əhəmiyyətə malikdir.
Görüşdə hər iki ölkədə reklam bazarının durumuna, medianın bu bazarda təmsilçilik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.