Mətbuat Şurasının “Yeni Azərbaycan” qəzetinə 30 illik yubiley təbriki
Azərbaycanın müasir mətbuat tarixində öz dəsti-xətti ilə seçilmiş “Yeni Azərbaycan” qəzeti 30 illik yubileyini qeyd edir. Bu münasibətlə Mətbuat Şurasının İdarə Heyətinin üzvü, dəyərli həmkarımız Alqış Həsənoğlu başda olmaqla, nəşrin əməksevər kollektivini təbrik edir, ən xoş arzu və istəklərimizi çatdırmaqdan məmnunluq duyuruq.
“Yeni Azərbaycan” qəzeti ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının rəsmi orqanı, ideya mənbəyidir. Yubilyar nəşr ötən müddətdə ölkəmizin yeni gün uğrunda mübarizəsinə jurnalist peşəkarlığı ilə müstəsna töhfə vermiş ideoloji məktəbdir. Bu məktəb Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət ruhunu aşılaması ilə geniş oxucu auditoriyası qazanıb. Qəzetin taleyüklü hadisələrə münasibətdə tutduğu obyektiv mövqe ona cəmiyyətin ən müxtəlif təbəqələrinin dərin rəğbətini formalaşdırıb.
Bu günün “Yeni Azərbaycan”ı Prezident İlham Əliyevin kursunun təbliğatçısı və təşviqatçısı olaraq, 30 il əvvəl əsası qoyulmuş prinsiplərinə sadiqlik ruhundadır. Bu, həm də Heydər Əliyev siyasi xəttinə sadiqlik ənənəsidir. Əminik ki, ötən müddətdəki fəaliyyətin verdiyi qürur və fəxarət hissi nəşri daha böyük uğurlara, yeni yubileylərə daşıyacaqdır.
Bir daha “Yeni Azərbaycan” qəzetini 30 illik yubileyi münasibətilə təbrik edir, nəşrin əməkdaşlarına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti