Aqil Abbas - 70
Ömrünü jurnalistikaya, ümumən ictimai və mədəni həyatımızın zənginləşməsinə sərf etmiş həmkarlarımızdan olan “Ədalət” qəzetinin qurucusu və təsisçisi, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin sabiq üzvü Aqil Abbasın doğum günüdür – 70 yaşı tamam olur. Bu münasibətlə Aqil müəllimi təbrik edirik.
Qeyd edək ki, 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş A.Abbas 1977-ci “Elm və həyat” jurnalında müxbir, daha sonra şöbə müdiri işləyib. 1987-ci ildə “Sovet kəndi” qəzetinə köçürülüb, burada şöbə müdiri vəzifəsində çalışıb. 1990-cı ilin iyulunda “Ədalət” qəzetini yaradıb və nəşrin baş redaktor kimi fəaliyyət göstərib.
A.Abbas 1976-cı ildən ədəbi fəaliyyətdədir. Onun hekayə və povestləri, romanları “Ədəbiyyat” qəzetində, “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. Çoxsaylı kitablar və romanlar müəllifi kimi tanınmış və nüfuz qazanmış, ziyalı keyfiyyətləri ilə seçilmiş həmkarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2012-ci ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
Jurnalistika və bədii yaradıcılıq ilə yanaşı, fəal ictimai-siyasi fəaliyyət ilə də məşğul olan A.Abbas 2005-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
A.Abbas 2018-2022-ci illərdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü olub.
Bir daha parlaq düşüncə və zəka sahibi olan dəyərli həmkarımız A.Abbası 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı diləyirik. Arzu edirik ki, 70 illik yubileyin verdiyi qürur, fəxarət və sevinc hissi onu yeni yaradıcılıq uğurlarına daşısın.
Azərbaycan Mətbuat Şurası