Mətbuat Şurası Xalq yazıçısı Anarı təltif etdi
Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 yaşı tamam olur. Bu münasibətlə bir sıra media qurumlarının rəhbərləri – Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, bayraqdar.info xəbər portalının baş redaktoru, MŞ-nin İdarə Heyətinin üzvü Azər Həsrət, Aznews.az xəbər portalının baş redaktou Taleh Şahşuvarlı ədiblə görüşdülər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid yazıçı Anarın təkcə qələm nümayəndələrinin deyil, bütövlükdə cəmiyyətimizin dünyagörüşünün formalaşmasında mühüm rolu olduğundan bəhs edərək bildirdi ki, ədəbiyyata, jurnalistikaya müsbət münasibətin yaranmasında onun böyük rolu olub. R.Məcid yazıçı Anarın yaradıcılığından bəhs edərək, xüsusilə son illərdə qələmə aldığı “Yaşamaq haqqı” traktatının bədii dəyərini yüksək qiymətləndirdi.
Sonra “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist, Əflatun Amaşov yazıçı Anarın ziyalı etalonu olmasını, cəmiyyətimizin çatışmayan nöqtələrini öz əsərlərində, yazılarında hər zaman diqqətdə saxladığını, milli şüurumuzun inkişafında onun xüsusi xidmətlərinin olduğunu, yazıçı Anarla hər bir azərbaycanlının fəxr etməli olduğunu vurğuladı.
Əməkdar jurnalist Azər Həsrət bildirdi ki, yazıçı Anar ədəbiyyatımızın zirvəsində qərar tutan simalardandır. O, qeyd etdi ki, Anarın təkcə “Dədə Qorqud” kinossenarisi ilə milli kimliyi ayaqda tutması, milli-ideoloji cəhətdən cəmiyyətimizə öz tarixini, ədəbiyyatımızı sevdirməsini heç kim unutmamalıdır.
Daha sonra Xalq yazıçısı Çingiz Abdullayev, jurnalist Taleh Şahsuvarlı fikirlərini bildirərək yazıçı Anarın fəaliyyətindən, yaradıcılıq uğurlarından və müasir dövrün ədəbi-ictimai proseslərindən söhbət açdılar.
Görüş əsnasında media qurumlarının rəhbərlərinə təşəkkürünü bildirən Xalq yazıçısı Anar qeyd etdi ki, o həm də jurnalistdir,19 il “Qobustan” jurnalının redaktoru olmuşdur. Bundan əlavə, onun ilk daxil olduğu yaradıcı təşkilatın da məhz Jurnalistlər İttifaqı olduğunu vurğuladı.
Sonda yazıçıya Azərbaycan jurnalistikasında milli məfkurənin möhkəmləndirilməsinə və inkişafına böyük təkan verən zəngin, çoxşaxəli yaradıcılığına, sanballı bədii-publisistik əsərlərinə görə və anadan olmasının 85 illiyi münasibəti ilə Mətbuat Şurasının diplomu təqdim edildi.
Mənbə: "525-ci qəzet"