Mətbuat Şurasının bəyanatı

about1

Müsavat TV və Səs TV haker hücumuna məruz qalıb. Bu media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib. Mətbuat Şurası ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir.

Baş vermiş hadisə kiber hücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır. Hadisə, eyni zamanda, kiber təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirlən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir.

Hadisə onu da göstərir ki, media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır.

Mətbuat Şurası, həmçinin, aidiyyatı dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırır. Şura əmindir ki, müvafiq strukturlar digər media orqanlarımızın da eyni xoşagəlməz hallarla üzləşməmələri üçün fəaliyyətlərini daha da gücləndirəcəklər.

02.03.2023