Mətbuat Şurasının sədri və Azərbaycanın media nümayəndələri Səudiyyə Ərəbistanının Media Nazirinin müavini ilə görüşüblər

about1

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkədə səfərdə olan Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Krallığın Media Nazirinin Beynəlxalq əlaqələr üzrə müavini Xalid Əl-Həmdi ilə görüşüblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid yüksək səviyyədə keçirilən İkinci Səudiyyə Media Konfransı haqqında fikirlərini bölüşüb. O, dünyada medianın durumunu özündə əks etdirən dəyərli fikirlərin səsləndirildiyi belə bir tədbirə dəvətə görə təşəkkürünü bildirib. R.Məcid qeyd edib ki, konfransda medianın çağdaş problemlərinin sahənin tanınmış  mütəxəssislərinin baxış bucağından təqdimatı böyük maraqla qarşılanıb və buna görə geniş şəkildə işıqlandırılıb.

MŞ sədri konfrans çərçivəsində Səudiyyə Ərəbistanının tarixinə həsr olunmuş konsert proqramının təəssürat zənginliyi ilə yadda qaldığını vurğulayıb. O, “Dünya Bulvarı” adlı yeni məkanın yüksək qiymətləndirdiyini deyib, ölkənin tarixi yerlərinə ziyarət imkanının yaradılmasından məmnunluğunu dilə gətirib.

Nazir müavini Xalid Əl-Həmdi xoş sözlərə görə təşəkkürünü bildirib, eyni zamanda, Səudiyyə Ərəbistanının və Azərbaycanın mediası arasında əlaqələrin sistemləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət rəsmisi çıxışında təmsil olunduğu qurumun Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi ilə münasibətlərinə diqqət çəkərək bildirib ki, diplomatik missiya Səudiyyə Ərəbistanında, xüsusilə, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qeyri-dəqiq informasiyalar yayılarkən, ciddi operativlik göstərir, yanlışlıqları aradan qaldırır, ictimai rəyin düzgün məlumatlandırılmasını təmin edir.

Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyi ölkənin mediası ilə sıx və səmərəli əlaqələrinin mövcudluğundan söz açan Xalid Əl-Həmdi onu da bildirib ki, Azərbaycanda Səudiyyə Ərəbistanına maraq böyükdür, həmçinin, Krallığın jurnalistləri də Azərbaycan mediası ilə əlaqələrdə maraqlıdırlar.

Görüşdə iştirak edən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev də iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb, mövcud istiqamətdəki xarakterik məqamları diqqətə çatdırıb.

Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında media təmaslarının inkişafı üçün qarşılıqlı jurnalist səfərlərinin təşkili istiqamətində işlərin daha da intensivləşdirilməsi qərara alınıb.

MŞ sədri R.Məcid Xalid Əl-Həmdiyə, eyni zamanda, hazırda ölkənin Media Nazirinin səlahiyyətlərini yerinə yetirən Məcid Əl-Qəsabiyə təşəkkürünü bildirərək, nümayəndə heyəti adından Azərbaycan xalçasının süvenirlərini və AMEA Şərqşünaslıq İnstitutunun Qarabağ, Şuşa və Xocalı ilə bağlı dərc etdiyi kitapçaları nazir müavininə təqdim edib.

23.02.2023