Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar, başsağlığı veriblər

about1

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.

Əvvəlcə onlar qardaş ölkədə baş vermiş güclü zəlzələdə həyatını itirmiş şəxslərin xatirəsi üçün quraşdırılmış lövhənin önünə əklil qoyublar. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüblər.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan xalqının, o cümlədən ölkəmizin jurnalistlərinin Türkiyədəki böyük faciədən təsirləndiklərini, bu faciənin acılarını Türkiyə xalqı ilə bərabər yaşadıqlarını bildirib. O, eyni zamanda, deyib ki, hadisə baş verən gündən Azərbaycan media təmsilçiləri qardaş ölkəyə ezam olunublar, zəlzələ bölgəsində türkiyəli jurnalistlərlə çiyin-çiyinə fəaliyyət göstəriblər.

Rəşad Məcid hadisə ilə bağlı Azərbaycan xalqının hisslərini ifadə edən humanitar yardımı və dərin kədərimizi mediamızın davamlı olaraq işıqlandırdığını da diqqətə çatdırıb.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan xalqına və Azərbaycan mətbuatına zəlzələ baş verən ilk gündən bu yana dəstəyinə görə təşəkkür edib. O, ölkəmizin media orqanlarına zəlzələni bir millətin faciəsi kimi yaydığı, nümayiş etdirdiyi, həmçinin ən yüksək səviyyədə əməklərini səfərbər etdiyini bildirib.

C.Bağçı jurnalistlərin Azərbaycandakı yardım kampaniyalarını, xalqın hiss və həyəcanını dolğun formada təqdim etmələrini, eyni zamanda, zəlzələ bölgəsindəki peşəkar fəaliyyətlərini yüksək qiymətləndirib. Səfir faciə zamanı Azərbaycan və Türkiyə xalqlarının qardaşlıqlarını bir daha göstərdiklərini vurğulayıb.

Mənbə: APA

13.02.2023