Yubilyar jurnalist İttifaq Mirzəbəyliyə Mətbuat Şurasının diplomu təqdim edildi
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Xalq Mətbuat Mərkəzi”ndə tanınmış qələm sahibi, Əməkdar jurnalist İttifaq Mirzəbəylinin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak edib.
MŞ sədri Rəşad Məcid “Xalq qəzeti”nin mətbuatımızdakı flaqman rolundan danışdı, burada çalışdığı dövrü yada saldı və 10 il öncə İttifaq Mirzəbəyli ilə birlikdə xarici səfərdə olduğunu, onu “klassik” və “Qobustan qayası” adlandıraraq gözəl məsləkdaş kimi xarakterizə etdi. Yubilyara Mətbuat Şurasının diplom plaketini təqdim etdi.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov tədbirdə yubilyara ən xoş arzularını çatdıraraq onun peşəkar, vətənpərvər, dövlətsevər bir publisist kimi örnək keyfiyyətlərindən söz açdı. Ə.Amaşov İ.Mirzəbəylinin “Xalq qəzeti”ndən öncə Azərbaycan radiosunda çalışarkən, aparıcısı olduğu səhər verilişlərindəki vətəndaş mövqeyinin dinləyicilər arasında yüksək dəyər qazandığını və çox populyar olduğunu qeyd etdi.
İş yoldaşları Qüdrət Piriyev, Tahir Rüstəmov, İlqar Həsənov, Rəfiqə Əsgərova, Məsaim Abdullayev, Qəzənfər Qasımov və Əliqismət Bədəlov yubilyarla bağlı ürək sözlərini söylədilər, ona yeni uğurlar dilədilər.
Sonda çıxış edən İttifaq Mirzəbəyli qazandığı uğurlara görə ustadı olmuş qələm sahiblərinin ruhlarına borclu olduğunu söylədi, yaradıcı kollektivə minnətdarlığını bildirdi və bundan sonra da milli mətbuatımızın inkişafı naminə əlindən gələni edəcəyinə söz verdi.
Qeyd edək ki, 1953-cü il fevralın 10-da Qəbələdə dünyaya göz açmış İ.Mirzəbəyli 43 yaşından “Xalq qəzeti” redaksiyasında çalışır. Qəzetin siyasət şöbəsinə rəhbərlik edir.