Nekroloq - Mahmud Qacar
Azərbaycan mətbuatına və ictimai fikrinə ağır itki üz verib. Jurnalistikamızın, publisistikamızın və poeziyamızın tanınmış simalarından olan Mahmud Qacar (Mahmud Quliyev) ömrünün 74-cü ilində vəfat edib.
Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirərək rayonun “Araz” qəzetində işə başlayıb. 1993-cü ilədək davamlı olaraq bu nəşrdə çalışıb.
Mahmud Qacar fəal ictimai xadim kimi Füzuli rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edib. O, buradakı “Bilik” və “Kitabsevərlər” cəmiyyətlərinin, habelə, Dövlət İdarələri Həmkarlar İttifaqı Komitəsinin sədri olub. Müxtəlif illərdə “Təfəkkür” elmi jurnalının və “Əsrin səsi” qəzetinin baş redaktoru vəzifəsini tutub.
Mərhum həmkarımız səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Kəmalliyyə” diplomuna və “Qızıl Qələm” mükafatına layiq görülüb.
Ədəbi aləmdə öz dəsti-xətti, üslubu ilə tanınmış M.Qacarın yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edib. Kitablarında təlatümlü şair qəlbinin əks-sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları toplanıb. Onun zəngin dünyagörüşünün parlaq məhsuluna çevrilmiş çoxsaylı məqalələrində isə həyatımızın sevinc və təzadları, ayrı-ayrı tanınmış müasirimizin həyat və fəaliyyətinin müxtəlif çalarları özünəməxsus şəkildə təqdim olunub.
Jurnalist-şair Mahmud Qacarın vəfatı Azərbaycan jurnalistikası və ictimai fikri üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri mərhumun doğmalarına və yaxınlarına, sənət dostlarına dərin hüznlə başsağlığı verir, hər birinin kədərini və üzüntüsünü bölüşür.
Allah rəhmət etsin!