Mətbuat Şurasının sədrinin Vergi Məcəlləsinə dəyişikliklər layihəsi ilə bağlı münasibəti

about1

“Milli Məclisdə Vergi Məcəlləsinə media fəaliyyəti ilə bağlı dəyişiklik layihəsinin müzakirəyə çıxarılmasını və bu mərhələdən uğurla keçməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, dəyişiklik günümüzün tələblərinə adekvatdır və parlamentin plenar iclasında da qəbulu məqbuldur. İlk növbədə ona görə ki, məlum layihə “Media haqqında” qanunun 4-cü maddəsindəki medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması tələbinin nəzərə alınmasını, əsas götürülməsini rəhbər tutur. Yəni, məcəllədə dəyişiklik həmin qanuna uyğun olaraq təklif olunur”. Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Vergi Məcəlləsinə məlum dəyişiklik layihəsini şərh edərkən bildirib.

R.Məcid deyib ki, layihəyə əsasən, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən 3 il müddətinə azad edilməsi təklif edilir: “Hesab edirəm ki, bu, qarşıdakı müddətdə media orqanlarının qlobal böhran şəraitindəki risklərdən qorunması baxımından mühüm rol oynayacaqdır, onları, bir növ, sığortalayacaqdır”.

MŞ sədrinin fikrincə, dəyişiklik, eyni zamanda, media subyektlərinin iqtisadi imkanlarını genişləndirəcək ki, bu da onların bazar münasibətlərində təmsilçiliyini gücləndirəcək. “Daha bir məqam isə medianın gəlirlərinin artması ilə bağlıdır. Bu, redaksiyaların öz əməkdaşlarını təmin etməsi, əlavə işçilərin cəlb olunması sahəsində də müsbət dinamikanı gözləməyə əsas verir. Göründüyü kimi, bütövlükdə media fəaliyyətinin stimullaşdırılması prinsipial məqam kimi nəzərə alınır”, - deyə R.Məcid fikrinə aydınlıq gətirib.

07.02.2023