Mətbuat Şurasının 2022-ci ilin oktyabr-dekabr ayları ərzində gördüyü işlərə dair hesabat

about1

Hesabat dövründə Mətbuat Şurası tərəfindən Şuraya daxil olmuş 15 şikayət nəzərdən keçirilib. Bu şikayətlərin 6-na Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. 3 müraciət aidiyyatı üzrə göndərilib. 6 şikayət üzrə Katiblik tərəfindən müvafiq tədbirlər görülüb. Müraciət müəllifləri məlumatlandırılıb. Onlara cavab məktubları ünvanlanıb.

Bundan başqa hesabat müddətində 5 şəxsin şifahi şikayəti əsasında yaydığı material etiraz doğurmuş media vasitələri ilə söhbətlər aparılıb. Bu söhbətlər ümumilikdə 55 media orqanını əhatə edib. Şikayətlərin motivi yanlışlığı təsdiq olunmuş materialın müxtəlif media vasitələrində təkrar yayılması ilə bağlı olub. Aparılmış profillaktik söhbətlər zamanı yanlışlıq media orqanlarının rəhbərlərinin diqqətinə çatdırılıb. Yanlışlıqlar aradan qaldırılıb.

Mətbuat Şurası hesabat müddətində ayrı-ayrı jurnalistlər tərəfindən sosial şəbəkələrdə paylaşılmış narazılıq doğurmuş mətnlər diqqətdə saxlanılıb. Mövcud xüsusda tövsiyələr diqqətə çatdırılıb.

Mətbuat Şurasının digər fəaliyyəti aşağıdakı istiqamətləri əhatə edib:

  1. Tematik tədbirlərin təşkili;

  2. Yubiley mərasimlərinin təşkili;

  3. Media sahəsində əməyi olan şəxslərin mükafatlandırılması;

  4. Beynəlxalq əməkdaşlıq məqsədi daşıyan görüşlərin keçirilməsi;

  5. Media fəaliyyəti ilə bağlı müştərək toplantılarda iştirak;

  6. Bəyanatların qəbulu;

  7. Media fəaliyyəti ilə bağlı yerli telekanalların proqramlarında iştirak.

Azərbaycan Mətbuat Şurası 24 sentyabr 2022-ci ildə keçirilmiş VIII qurultaydan sonra aşağıdakı tədbirləri reallaşdırıb:

Sentyabrın 30-da Mətbuat Şurasının sədri Rəşad Məcidlə Medianın İnkişafı Agentliyinin rəhbər şəxslərinin görüşü keçirilib. Görüşdə hər iki qurumun media sahəsində qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Mövcud xüsusda Əməkdaşlıq Memorandumunun hazırlanması qərara alınıb.

Oktyabrın 4-də Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Şuranın sədr müavinləri və komissiyalarının tərkibi təsdiqlənib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Oktyabrın 12-də Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd Agentlik və Şura arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasına, media mühitinin şəffaflaşdırılması, media subyektlərinin institulaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin  koordinasiya edilməsinə yönəlmişdir.

Oktyabrın 16-da Mətbuat Şurası ustad jurnalist, tanınmış qələm sahibi Şakir Yaqubovun vəfatı ilə bağlı nekroloq yayıb.

Oktyabrın 17-də Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib.

Oktyabrın 18-də Mətbuat Şurasında Vətən Müharibəsinin iştirakçısı olmuş jurnalistlərlə görüş keçirilib.

Oktyabrın 19-da Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Komissiya 6 müraciətə baxıb.

Oktyabrın 21-də Mətbuat Şurasında Şurasının təşəbbüsü ilə sosial mediada (instagram ve telegram) aktiv kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Mətbuat Şurasının  sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciəti açıqlanıb. Müraciətdə bütün sosial media mənsublarına, bu platformanın fəallarına insanların şərəf və ləyaqətini qorumağa, şəxsi həyatın toxunulmazlığı prinsipinə hörmətlə yanaşmağa, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol verməməyə, söyüş və vulqar ifadələrin işlədilməsindən çəkinməyə, uşaqların şəxsi həyatı barədə məlumatları yaymamağa, onları zədələyən, mənəvi-psixoloji durumuna mənfi təsir göstərə biləcək zərərli bilgiləri paylaşmamağa, terror, xurafat və cəhalət təbliğatçılarına qarşı barışmaz olmağa, bir sözlə, ölkə jurnalistlərinin VIII qurultayının qərarı ilə təkmilləşdirilmiş “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırış ifadə olunub.

Oktyabrın 24-də Mətbuat Şurasının Beynəlxalq Əlaqələr  Komissiyasının yeni tərkibdə ilk  iclası keçirilib. İclasda komissiyasının Əsasnaməsi təsdiq edilib. Habelə, qurumun qarşıdakı fəaliyyət istiqamətləri barədə fikiz mübadiləsi aparılıb.

Oktyabrın 27-də Mətbuat Şurasında Türkiyədən olan qonaqlarla görüş keçirilib. Görüşdə qarşılıqlı media münasibətləri, ikitərəfli fərdi media təmasları müzakirə edilib.

Oktyabrın 29-da Bakıdakı Şuşa rayon 1 saylı orta məktəbinin akt zalında Azərbaycan Mətbuat Şurasının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Şuşa” qəzetinin 90 illik yubiley tədbiri keçirilib. Toplantıda qəzetinin 90 illik yubileyi ümummilli miqyas daşıyan hadisə kimi dəyərləndirilib, onun Qarabağ həqiqətlərinin cəmiyyətə çatdırılması istiqamətindəki xidmətləri yüksək qiymətləndirilib, nəşrin baş redaktoru Vasif Quliyev Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.

Noyabrın 4-də Qubada Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, Mətbuat Şurası, Audiovizual Şura və UNEC Tədqiqat Fondunun dəstəyi ilə regional medianın inkişafına dair müzakirələr aparılıb. Müzakirəyə Şimal bölgəsi üzrə fəaliyyət göstərən media təmsilçiləri qatılıblar.

Noyabrın 5-də Mətbuat Şurasında Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin qazilərinin bir qrupu ilə görüş keçirilib. 8 noyabr Zəfər Gününə həsr olunmuş görüşdə MŞ sədri Rəşad Məcid, Şuranın İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin sədr müavini Bəhruz Məmmədzadə, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri, veteran jurnalist Rey Kərimoğlu və qurumun əməkdaşları iştirak ediblər.

Noyabrın 15-də Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Noyabrın 15-də Mətbuat Şurasında “Hərbi And” qəzetinin 20 illik yubileyi münasibətilə toplantı təşkil olunub. Tədbirdə nəşrin əməkdaşları Şura tərəfindən təltif ediliblər.

Noyabrın 16-da Şuranın İdarə Heyətinin üzvü Elşad Eyvazlı Baş Prokurorluq tərəfindən Qubada keçirilən “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfransda iştirak və çıxış edib.

Noyabrın 21-də Mətbuat Şurası Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə bu quruma təbrik mətni ünvanlayıb.

Noyabrın 21-də Mətbuat Şurası bəzi internet informasiya resurslarının Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Əhməd Vəliyev haqqında paylaşdıqları dəqiqləşdirilməmiş fikirlər, onun dünyasını dəyişdiyini iddia etmələri ilə bağlı məlumat yayıb. Məlumatda media vasitələri belə məlumatlara həssas yanaşmağa çağırılıb.

Noyabrın 25-də Mətbuat Şurasının İdarə heyətinin üzvü Yeganə Hacıyeva “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə Fəallıq” Kampaniyasına həsr olunmuş “16 günlük fəallıq  Kampaniyası Media Müstəvisində” adlı tədbirdə iştirak edib.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş toplantı ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək üçün çağırış məqsədi daşıyıb.

Noyabrın 29-da Avropa Şurasının İnformasiya cəmiyyəti departamentinin proqramlar meneceri Şahin Rzayev və qurumun Bakı ofisinin layihələr rəhbəri Vüsal Behbudov Azərbaycan Mətbuat Şurasında olublar. Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının təşəbbüsü ilə keçirilmiş görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Noyabrın 30-da Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının üzvləri – sədr Müşfiq Ələsgərli, üzvlər Yadigar Məmmədli və Aqil Ələsgər Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat və mədəniyyət müşaviri cənab Hüseyin Altınalanla görüşüblər.

Dekabrın 2-də Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin sədri Azər İsmayıl və qurumun İdarə Heyətinin üzvləri – Ayan Nəcəf və Vüqar Zeynalov Azərbaycan Mətbuat Şurasında olublar. Görüşdə jurnalistlərinin təşkilatlanmasının önəmindən söz açılıb, bunun peşənin ixtisaslanmasına dəstək baxımından vacibliyi vurğulanıb. Eyni zamanda, idman jurnalistikası ilə bağlı yeniliklərin tətbiqinə istitusional baxışın təmin edilməsinin zəruriliyinə toxunulub.

Dekabrın 5-də Mətbuat Şurasında “Gunaz TV”nin qurucusu Əhməd Obalı ilə görüş keçirilib. Toplantıda MŞ İdarə Heyətinin üzvləri, ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media təmsilçiləri iştirak ediblər.

Dekabrın 6-da Mətbuat Şurasının sədri Rəşad Məcidin təşəbbüsü ilə hüquqşünas Aslan İsmayılovla jurnalist Taleh Şahsuvarlı arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsinə son qoyulub.

Dekabrın 8-də Mətbuat Şurası Avropa Müstəqil Mətbuat Şuraları Alyansında (AİPCE) “Yenilənmiş qeydiyyat” prosesini tamamlayıb. Prosesin  tamamlanmasından sonra  MŞ-nin loqosu və saytının linki Avropa Müstəqil Mətbuat Şuraları Alyansının  (AİPCE) saytında "Tam hüquqlu üzvlər" kateqoriyasında yerləşdirilib.

Dekabrın 8-də Mətbuat Şurası İranın Azərbaycandakı Səfirliyinə müraciət edib. Müraciətdə Azərbaycanın media vasitələrinin səfirliyə ünvanladıqları müraciətlərin cavabsız qalmasından narahatlıq ifadə olunub.

Dekabrın 8-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan Mətbuat Şurasında olub.

Dekabrın 8-də Türkiyənin Azərbaycandakı Səfiri Cahit Bağçı Azərbaycan Mətbuat Şurasında olub.

Dekabrın 9-da Mətbuat Şurasının Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri Elşad Eyvazlı 9 dekabr - Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Gününə həsr olunmuş "dəyirmi masa"da çıxış edib.

Dekabrın 15-də Mətbuat Şurasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə təşkilatçılığı ilə dekabr ayının 15-də “Vicdan azadlığı və media” mövzusunda konfrans keçirilib.

Dekabrın 19-da Mətbuat Şurası Əməkdar mədəniyyət işçisi, “Xalq qəzeti”nin keçmiş şöbə müdiri Əlipənah Gülbala oğlu Bayramovun vəfatı ilə bağlı nekroloq yayıb.

Dekabrın 21-də Mətbuat Şurasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Şuranın İdarə Heyətinin üzvləri ilə görüşü keçirilib. Görüşdə media müstəvisində yerli və beynəlxalq miqyaslı fəaliyyətin hazırkı və perspektiv konturları, gələcəkdə həyata keçirilməsi vacib olan istiqamətlər üzrə prioritetlər müzakirə olunub, mövcud problemlərə diqqət yetirilib, suallar cavablandırılıb.

Dekabrın 24-də Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Dekabrın 24-də Mətbuat Şurasının sədri professor Elçin Əhmədova Azərbaycan həqiqətlərinin media müstəvisində aktiv təbliğinə görə və jurnalist Etibar Cəbrayıloğluna  55 yaşının tamam olması münasibətilə təbrik plaketi təqdim edib.

Dekabrın 26-da Mətbuat Şurası Azərbaycanın Qarabağ bölgəsinin Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarət zonasında olan Xankəndi şəhərində dekabrın 25-də keçirilmiş aksiya zamanı çıxış etmiş bəzi şəxslərin nitqlərindəki məzmunun “Le Fiqaro” qəzetində və “Euronews”un Fransa xidmətində birtərəfli qaydada və qərəzli səkildə yayımlanmasına etiraz məqsədilə sözügedən media orqanlarına müraciət ünvanlayıb.

Dekabrın 26-da Mətbuat Şurasının sədri Bakı Avrasiya Universitetində Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nərimanov Rayon Ağsaqqallar Şurasının dəstəyi ilə əməkdar jurnalist Bəbir Hüseynovun 90 illik yubileyi ilə bağlı toplantıda iştirak edib, yubilyarı Şuranın diplomu ilə təltif edib.

Dekabrın 28-də Mətbuat Şurasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirilib. Fakültənin ingilis bölməsinin 2-ci kurs tələbələrinin bir qisminin qatıldığı toplantı "Beynəlxalq jurnalistika və informasiya siyasəti" kafedrasının dosenti Təranə Mahmudovanın tədris etdiyi "Beynəlxalq informasiya hüququ və jurnalistika" fənni üzrə təşkil edilib. Tədbirdə MŞ İdarə Heyətinin üzvləri Ceyhun Musaoğlu, Hacıbəy Heydərli, həmçinin Şuranın icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavini Fəridə Ağazadə iştirak ediblər.

02.02.2023