Mətbuat Şurasının sədri jurnalist Kamil Həmzəoğlunu 50 illik yubileyi münasibəti ilə təltif edib
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalist Kamil Həmzəoğlunu 50 illik yubileyi münasibətilə təbrik edib, onu Şuranın diplomu ilə mükafatlandırıb.
R.Məcid bildirib ki, yubilyar jurnalist uzun müddətdir jurnalistika sahəsində səmərəli fəaliyyəti, öz yaradıcılıq dəst-xətti, hadisə və proseslərə obyektiv yanaşması ilə fərqlənməkdədir. Hazırda o, potensialını Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərinin problemlərinin işıqlandırılmasına sərf edir.
“Etikxeber.az” saytını təsis etmiş jurnalist həm bu media orqanı vasitəsi ilə, həm də fərdi qaydada onların üzləşdikləri çətinlikləri müvafiq instansiyalara çatdırır, həllinə töhfə vermək kimi nəcib iş gerçəkləşdirir, həssas vətəndaşlıq missiyası həyata keçirir.
K.Həmzəoğlu jurnalist fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü il yanvarın 31-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ziyalı ailəsində anadan olmuş K.Həmzəoğlu (Kamil Həmidov) 1989-cu ildə orta məktəbi, 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Jurnalist 1988-ci ildən mətbuatdadır. Gənclik illərində “Mübariz”, “Aydınlıq”, “De fakto” qəzetlərində işləyib. Sonrakı dövrdə “1news.az” (2007-2011), Gun.az (2011-2016), “Gununsesi.info” (2016-2017), “Oxu.az” (2018-2019) saytlarında çalışıb. Həmçinin, 1996-cı ildən 2022-ci ilədək “525-ci qəzet”in əməkdaşı olub.
Çalışdığı müxtəlif media orqanlarında parlament müxbiri kimi Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisin fəaliyyətinin dolğun şəkildə işıqlandırılmasında yaxından iştirak edib.
K.Həmzəoğlu iki kitab müəllifidir. 2015-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.