Mətbuat Şurasında tanınmış qələm sahibinin 75 illik yubileyi qeyd edilib
Azərbaycan Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, tanınmış ziyalı, idman xadimi, əməkdar jurnalist Eldar İsmayılovun 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşdə Mətbuat Şurasının sədri Rəşad Məcid, sədr müavini Vüqar Zifəroğlu, İdarə Heyətinin üzvləri - Yeganə Hacıyeva, Hacıbəy Heydərli, Şuranın Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Tahir Aydınoğlu, həmçinin, AİJA-nın baş katibi, İdman TV-nin direktoru Rövşən Binnətli, 1-ci vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqının (AİPS Europe) İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə, vitse-prezidentlər - Natiq Nəsirov, Anar Şabanoğlu və qurumun güləş komissiyasının sədri, əməkdar məşqçi Ramin Allahverdiyev iştirak edib.
Görüşü giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid E.İsmayılovun Azərbaycan jurnalistikası, ölkəmizdə idmanının populyarlaşması istiqamətində gördüyü işlərdən, gənc nəslə sağlamlıq dəyərlərinin aşılanmasındakı geniş miqyaslı fəaliyyətindən söz açıb. Tanınmış qələm sahibinə təbrikini çatdıran R.Məcid növbəti yubileylərinin doğulduğu Ağdam şəhərində keçirilməsini arzulayıb, ona rəhbəri olduğu qurumun diplomunu təqdim edib.
Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu, MŞ İdarə Heyətinin üzvü Yeganə Hacıyeva, qurumun Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Tahir Aydınoğlu, Şuranın icraçı katibinin müavini İlqar Tağıyev çıxışlarında yubilyar jurnalistin keçdiyi ömür yolunun örnək mahiyyət daşıyan tərəflərindən söz açaraq bildiriblər ki, E.İsmayılovun AİJA-nın prezidenti kimi həm idmanın təbliğində, həm Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmasında, həm də idman jurnalistikamızın inkişafında danılmaz xidmətləri var. Onlar çıxışlarında, həmçinin, ustad qələm sahibinə gələcək faəliyyətində uğurlar arzulayıblar.
Göstərilən diqqətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirən E.İsmayılov bu görüşün yubileyinə əsl hədiyyə olduğunu, bundan sonra da ölkə idmanına və jurnalistikasına xidmət edəcəyini vurğulayıb. Daha sonra AİJA üzvləri qurumun gördüyü işlər, gələcək planları haqqında söz açaraq, MŞ ilə birgə fəaliyyətin, ümumən, idman mediasının inkişafına, onun daha da ixtisaslaşmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər.