Mətbuat Şurasının İdarə Heyətinin 2023-cü ildə ilk iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2023-cü ildə ilk iclası keçirilib. MŞ sədri Rəşad Məcid iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Əvvəlcə Mətbuat Şurasının 2022-ci ilin sentyabr ayından indiyədək gördüyü işlərə dair məlumat dinlənilib. Azərbaycan jurnalistlərinin 24 sentyabr 2020-ci il tarixdə keçirilmiş VIII qurultayında Mətbuat Şurasının yeni İdarə Heyətinin seçildiyini xatırladan MŞ sədri Rəşad Məcid bildirib ki, bu tərkib ötən müddətdə Şuraya daxil olmuş 15 şikayəti nəzərdən keçirib. Bu şikayətlərin 6-na Şuranın Şikayətlər üzrə Komissiyasında baxılıb. 3 müraciət aidiyyatı üzrə göndərilib. 6 şikayət üzrə Katiblik tərəfindən müvafiq tədbirlər görülüb. Bu tədbirlərə müraciət müəlliflərinin məlumatlandırılması, onlara cavab məktublarının ünvanlanması daxildir.

Bundan başqa hesabat müddətində 5 şəxsin şifahi şikayəti əsasında, yaydığı material etiraz doğurmuş media vasitələri ilə söhbətlər aparılıb. Bu söhbətlər ümumilikdə 55 media orqanını əhatə edib. Nəticədə yol verilmiş yanlışlıqlar media orqanları rəhbərlərinin diqqətinə çatdırılıb.

Şuranın digər fəaliyyət istiqamətləri barədə məlumat verən R.Məcid bu sıraya tematik tədbirlərin, yubiley mərasimlərinin təşkilinin, media sahəsində əməyi olan şəxslərin mükafatlandırılmasının, beynəlxalq əməkdaşlıq məqsədi daşıyan görüşlərin keçirilməsinin, media fəaliyyəti ilə bağlı müştərək toplantılarda iştirakın, bəyanatların qəbulunun və sair məsələlərin aid olduğunu vurğulayıb. Məlumat məqbul qiymətləndirilib.

Toplantıda müzakirə edilən ikinci məsələ “Heydər Əliyev İli” ilə bağlı Mətbuat Şurasının Tədbirlər Planı olub. Planla əlaqədar məlumat verən MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, sənədə mövzu ətrafında konfransların, müxtəlif qurumlarla birgə toplantıların, jurnalistlər arasında “Heydər Əliyev və müasir Azərbaycan mətbuatının inkişafı” mövzusunda fərdi yazı müsabiqəsinin təşkili və sair məsələlər daxildir.

İdarə Heyətinin üzvləri çıxışlarında ulu öndər Heydər Əliyevin media ilə bağlı təmaslarına dair kitab çapının Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi ilə birgə həyata keçirilməsinə dair təklifi dəstəkləyiblər. Onlar, həmçinin, tədbirlər planının “Heydər Əliyev İli” çərçivəsində MŞ-nin görəcəyi işlərin sistemləşdirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayb, onu müsbət qiymətləndiriblər.

Bundan sonra MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Mətbuat Şurası ilə Mediasiya Şurası arasında Əməkdaşlıq Memorandumunun layihəsi barədə məlumat verib. E.Mirzəbəyli memorandumu tərəflər arasında hüquq sahəsində nəzəri və təcrübi biliklərin artırılmasına dair qarşılıqlı dəstək sənədi kimi səciyyələndirib. O bildirib ki, əməkdaşlıq məsələlərinin rəsmiləşməsi jurnalistlərin mediasiya ilə bağlı nəzəri biliklərinin artırılmasına, media sahəsində mediatorların hazırlanması məqsədilə birgə təlim kurslarının, seminar-treninqlərin, mühazirələrin təşkilinə və birgə layihələrin reallaşdırılmasına təkan verəcək.

Memorandum layihəsi İH üzvləri tərəfindən məqbul qiymətləndirilib. İH üzvləri çıxışlarında, ümumən, mediasiyanın cəmiyyətdəki narazılıqların məhkəməyəqədərki həll yollarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətinə toxunaraq, bu baxımdan medianın da eyni funksiya daşımalı olduğunu diqqətə çatdırıblar.

Bundan sonra Ahıl Jurnalistlər Məclisinin məşvərət heyətinin yeni tərkibi ilə bağlı məclisin sədri, əməkdar jurnalist Tahir Aydınoğlunun məlumatı dinlənilib. T.Aydınoğlu məşvərət heyətinin 12 nəfərdən ibarət formalaşdırılmasının məqbul qiymətləndirildiyini vurğulayıb. Tərkib İH üzvləri tərəfindən müsbət qarşılanıb və təsdiqlənib.

26.01.2023