MŞ sədri "Bakinski raboçi" qəzetini nəşrin 115 illiyi münasibətilə təbrik edib
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bu günlərdə nəşrə başlamasının 115-ci ildönümü tamam olan “Bakinski raboçi” qəzeti redaksiyasında oldu. MŞ sədri kollektivi əlamətdar hadisə münasibətilə təbrik edərək Şuranın Fəxri diplomunu baş redaktor İlqar Hüseynova təqdim etdi.
Rəşad Məcid bildirdi ki, “Bakinski raboçi”nin 1 əsrdən artıq müddətdə işıq üzü görmüş gündəlik ictimai-siyasi qəzet kimi ölkəmizdə, eləcə də xaricdə ciddi və sabit oxucu auditoriyası var. Rusdilli Azərbaycan jurnalistikasının bu öncül nəşrinin yaradıcılıq dəst-xətti, hadisə və proseslərə obyektiv, yüksək ictimai meyarla yanaşma mövqeyi ona peşəkar jurnalistika məktəbi statusu qazandırıb. MŞ sədri qeyd etdi ki, Azərbaycanın milli maraqlarının qorunması, tarixi və çağdaş həqiqətlərin rus dilində əhatəli, davamlı təbliği bu qəzeti respublikamızdan kənarda da populyarlaşdırıb. Son illərdə redaksiya tanınmış jurnalist İlqar Hüseynovun rəhbərliyi ilə yeni yaradıcılıq axtarışlarını uğurla davam etdirir. Rəşad Məcid yaradıcı heyətin 115 il ərzində formalaşmış ənənəni qoruyub zənginləşdirəcəyinə inamını da ifadə etdi. “Bakinski raboçi” qəzetinin baş redaktoru İlqar Hüseynov səslənən xoş sözlərə və səmimi təbriklərə görə təşəkkürünü bildirdi, yeni hədəflərdən söz açdı.
https://xalqqazeti.com/az/news/120560