Mətbuat Şurasında BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüş

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüş keçirilib. Fakültənin ingilis bölməsinin 2-ci kurs tələbələrinin bir qisminin qatıldığı toplantı "Beynəlxalq jurnalistika və informasiya siyasəti" kafedrasının dosenti Təranə Mahmudovanın tədris etdiyi "Beynəlxalq informasiya hüququ və jurnalistika" fənni üzrə təşkil edilib.

Mətbuat Şurasının missiyası, ölkəmizin media məkanındakı durum, nəzəri biliklərin praktik fəaliyyət müstəvisinə tətbiqindəki xarakterik tendensiyalar, söz və ifadə azadlığı ilə bağlı dünyada və Azərbaycanda müşahidə edilən meyillər və sair mövzularda müzakirələrin aparıldığı görüşdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Ceyhun Musaoğlu və Hacıbəy Heydərli, həmçinin, Şuranın icraçı katibi Əvəz Rüstəmov, icraçı katibin müavini Fəridə Ağazadə iştirak ediblər.

Görüşdə, həmçinin, sosial şəbəkələrin informasiyanın yayılma arealı kimi roluna, informasiya təhlükəsizliyi məsələlərinə dair də fikir mübadiləsi aparılıb. Mətbuat Şurasının təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandırıblar.

28.12.2022