ASAN FM radiosunun rəhbəri "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunub

about1

ASAN FM radiosunun rəhbəri Emin Musəvi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunub. Həmkarımızı təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakıda doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.

1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.

1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb.

1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.

2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub.

2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.

2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub.

Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s. kimi sənətçilərdən müsahibə alıb.

2015-ci ildən ASAN Radionun direktoru vəzifəsində fəaliyyət göstərir.

2019-cu ildə "EU NEİGHBOURS" Şərq layihəsi çərçivəsində Helsinki və Tallin şəhərlərində, 2 dəfə isə Amerikada olub xüsusi audio və video buraxılışlar hazırlayıb. "IVLP" proqramı çərçivəsində Amerikanın müxtəlif ştatlarında yerləşən radiostansiyalarda təcrübə mübadiləsində iştirak edib. "Hello, America!" və "Avropadasan" verilişlərinin prodüserlik vəzifəsini icra edib. 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru" silsilə seminarların iştirakçısı olub.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, E.Musəvi bundan öncə "Tərəqqi" medalı ilə də təltif edilmişdi. 

 

28.12.2022