Mətbuat Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Təbrikdə deyilir.
“Möhtərəm cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir və Sizə ən xoş arzularımı ünvanlayıram.
Tam səmimiyyətlə bildirirəm ki, Sizin müstəsna sadəlik və təvazökarlıqla keçirdiyiniz, xalqımızın isə böyük sevinclə qeyd etdiyi hər ad gününüz Azərbaycanın müasir tarixinin böyük nailiyyətlərlə yadda qalan daha bir ilinin uğurlu yekunu deməkdir. Dövlətimizin və xalqımızın son dövrdə qazandığı parlaq uğurlar, xüsusən İkinci Qarabağ müharibəsinin - Vətən savaşımızın Böyük Zəfərlə yekunlaşması, hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan nəhəng quruculuq işləri Sizin adınız və mükəmməl idarəçilik fəaliyyətinizlə birbaşa bağlıdır.
Sizin rəhbərliyiniz dövründə, ölkə həyatının hər sahəsində olduğu kimi, mətbuat və mediamızda da ciddi yeniliklər baş verib. Şəxsi diqqət və qayğınız nəticəsində bu sahənin inkişafı naminə atılan bir sıra vacib addımlar bu gün də öz bəhrəsini verməkdədir. Əmin ola bilərsiniz ki, göstərdiyiniz ali etimadı və yüksək qayğını layiqincə doğrultmağa çalışan Azərbaycan mətbuatı bundan sonra da milli-dövlətçilik maraqlarını daima öndə tutacaq, eyni zamanda, peşəkarlıq səviyyəsini davamlı şəkildə artıracaqdır.
Möhtərəm cənab Prezident.
Bu əlamətdar tarix - doğum gününüz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə məsuliyyətli və şərəfli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyir, möhkəm cansağlığı və şəxsi həyatınızda bol-bol uğurlar arzulayıram”.