Azərbaycan Mətbuat Şurası jurnalist Əlipənah Bayramovun vəfatı ilə bağlı nekroloq yayıb
Azərbaycan jurnalistikasına növbəti ağır itki üz verib. Tanınmış qələm sahibi, Əməkdar mədəniyyət işçisi, “Xalq qəzeti”nin keçmiş şöbə müdiri Əlipənah Gülbala oğlu Bayramov ömrünün 76-cı ilinin tamamında dünyasını dəyişib.
Həmkarımız 1946-ci il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olmuşdu. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalacda bitirmişdi. Yeniyetməlik illərindən mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlamış, 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş, 1973-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdi.
Tələbəlik illərində özünü istedadlı və bacarıqlı qələm sahibi kimi təsdiq edən gənc jurnalist 2 il populyar “İdman”qəzetində çalışmış, 5 il Neft və Sənaye Universitetinin “Neft kadrları uğrunda” qəzetinin redaktotu olmuşdu. 1979-cu ildə ölkənin avanqard “Kommunist” qəzetinə işə dəvət edilən Əlipənah müəllim burada müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində çalışmış, uzun illər redaksiya heyətinin üzvü olmuşdu. Qəzet müstəqillik illərində nəşrini “Xalq qəzeti” adı altında davam etdirəndən sonrakı 30 il müddətində də təcrübəli jurnalist sevimli qəzetindən ayrılmamışdı. Çalışdığı bütün sahələrdə təşəbbüskarlığı, intizamı və yüksək peşəkarlığı ilə seçilmiş, jurnalistlərin yeni nəsillərinə örnək olmuşdu.
Əlipənah müəllim müxtəlif mövzulu və janrlı çoxsaylı jurnalist yazılarının, dəyərli publisistika nümunəlrinin müəllifi idi. “Xalq qəzeti”ndə çap olunmuş və “Həyatım və mühitim” toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi həmkarımıza layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdü. O ömrünü son illərində də jurnalist axtarışlarını davam etririr, 60 ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.
Ustad jurnalist, gözəl insan, səmimi dost Əlipənah Bayramovun nurlu xatirəsi həmkarlarının və qədirbilən oxucuların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
Azərbaycan Mətbuat Şurası