MŞ-nin Daimi Komissiya sədri Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Gününə həsr olunmuş "dəyirmi masa"da çıxış edib
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı və digər aktlarla tanışıq. Əminik ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizədə Milli Fəaliyyət Planı öz sözünü deyəcək”.
Modern.az xəbər verir ki, bunu Mətbuat Şurasının Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı 9 dekabr - Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Gününə həsr olunmuş "dəyirmi masa"da çıxışı zamanı deyib.
Əməkdar jurnalist bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, korrupsiyaya qarşı mübarizədə barışmazlığı bu istiqamətdə yol xəritəsidir:
“Dövlət başçısının dəfələrlə vurğuladığı “hər bir məmur xalqın xidmətçisidir, dövlətə, xalqa xidmətdə xəyanətə yol verən kimsəyə güzəşt yoxdur” kimi ifadələri praktiki həyatda da açıq görünür və hər birimizin gözü qarşısındadır. Cəzalandırılan, həbs edilən məmurlar və s. Təbii ki, korrupsiyanın qarşısının alınmasında bütün cəmiyyət maraqlı və aktiv olmalıdır”.
Elşad Eyvazlı hesab edir ki, mətbuat orqanlarının maarifləndirici funksiyası məhz cəmiyyəti korrupsiyaya qarşı barışmaz istiqamətə kökləməkdən keçir:
“Amma onu da unutmayaq ki, indi media sektorunda aparıcılığı sosial şəbəkələr ələ alıb. İstəsək də, istəməsək də bu, bütün dünyada belədir. Demək ki, bu həm də hər bir məmurdan yeni yanaşma tələb edir. Sosial media ənənəvi media ilə müqayisədə daha geniş və əlçatan hesab olunur. İctimai rəyin formalaşdırlmasında sosial media kifayət qədər gücə malikdir və bu güc korrupsiyanın ifşa olunmasında da əhəmiyyətlidir.
Jurnalistikanın korrupsiyanın aşkar edilməsində effektiv rol oynaması üçün sosial media klassik medianı hər yerdə olduğu kimi, burada da üstələyir. Burada sosial medianın çeviklik imkanları müsbət xatakterizə olunursa, çox vaxt məsuliyyət dərk etmədən, dəqiqləşdirmədən məlumat paylaşılması əks nəticə verir.
Əslində antikorrupsiya həm də bir mədəniyyətdir, insanlarda dövlət və dövlətçilik sevgisinin göstəricisidir. Bunun sadə izahı odur ki, korrupsiyaya yol verən hansısa məmur dövlətin, xalqın varidatını talayır, daha kobud şəkildə ifadə etsək oğurlayır. Demək ki, korrupsioner kəs birmənalı şəkildə dövlətin, xalqın düşmənidir. Cəmiyyət belə şəxslərə nifrət etməlidir. Çünki korrupsioner vəzifə səlahiyyətlərindən istifadə edir, Ana Yasamızı, qanunları ayaqlar altına atır, hansısa məsələni bir cinayətkar qrupun xeyrinə həll edir, dövlətin, xalqın cibinə girir. Korrupsioner 44 günlük Vətən Müharibəsindəki Zəfərimizdən sonra işğaldan azad edilmiş bölgələrimizdə start verilən möhtəşəm quruculuq işlərinə mane olan ünsür kimi qiymətləndirilməlidir”.
E.Eyvazlı onu da qeyd edib ki, ciddi medianın əziyyət çəkdiyi “reket” jurnalistika daha çox korrupsioner məmurların işinə yarayır:
“Ola bilsin ki, bu fikrim kimlərdəsə təəccüb, sual doğura bilər. Bilirsiniz, “reket” jurnalistikanın çiçəkləndiyi yerdə ciddi media gözdən düşür, necə deyərlər, qurunun oduna yaş da yanır. Çünki “reket” media elə bir rəy formalaşdırır ki, jurnalistlər sifarişlə işləyir, yalan, böhtan yazır. Nəticədə nə olur, bilirsiniz, hətta hansısa məmurun korrupsiyaya əməllərini işıqlandıran ciddi medianın materiallarına əhəmiyyət verilmir, reaksiya verilmir. Belədə jurnalistika ciddi deqredasiyaya uğrayır.
Korrpusiyaya qarşı mübarizədə medianın ciddi maarifləndirici rolu var və hesab edirəm ki, bu istiqamətlərdə işlər hər gün davam etdirilməldir. Azərbaycan Mətbuat Şurası bu istiqamətdə müvafiq dövlət strukturları ilə əməkdaşlığa hazırdır”.