Hüquqşünas Aslan İsmayılovla jurnalist Taleh Şahsuvarlı arasında məhkəmə prosesi sona çatdı
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin təşəbbüskarlığı ilə tanınmış hüquqşünas Aslan İsmayılovla istedadlı jurnalist Taleh Şahsuvarlı arasındakı üç ilə yaxındır davam edən məhkəmə prosesi sona çatdı. Ümüd edirik ki, hər iki tərəf bundan sonra özlərinin bilik və bacarıqlarını, təcrübələrini cəmiyyətimizin inkişafı naminə sərf edəcəklər. Onlara Mətbuat Şurasına etimad göstərdikləri, Şuranın barışdırıcı missiyasına dəyər verdikləri üçün təşəkkürümüzü bildiririk.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə
Hörmətli Rəşad bəy!
Mən Sizi, Siz də məni demək olar ki, Azərbaycana gəldiyim ilk vaxtlardan, yəni 30 ilə yaxındır tanıyırıq. Sizi bilmirəm, mən isə Sizin fəaliyyətinizi həmişə izləmişəm. Sizin "525-ci qəzet"dəki fəaliyyətiniz mənə xüsusi təsir edib. Uzun illər Azərbaycanın mədəniyyəti, ədəb-ərkanı KİV-lər tərəfindən tapdalananda, reketçilik bu sahəni ağuşuna alanda "525-ci qəzet" nadir nəşrlərdən oldu ki, mədəniyyətimizi, xalqımızın adət-ənənələrini qorudu, başqa qəzetlər kimi "şok xəbər" xatirinə əxlaqsızlıq, şər-böhtan tirajlamadı. Azərbaycanda çoxlu sayda ədəbiyyat-incəsənət qəzetləri olsa da bu sahədə "525-ci qəzet" ən oxunaqlı oldu.
Taleh Şahsuvarlının məhkəmə məsələsinə gəldikdə isə bir daha bildirirəm ki, mənim davam fərdlərlə yox, prinsiplərlədir. Uzun illər, hələ sovet dövründən Azərbaycan dövlətinin, xalqının maraqlarını şəxsi maraqlardan üstün tutan şəxslər sistemli şəkildə şər-böhtana, təhqirə məruz qalaraq nüfuzdan salındılar. Məqsəd isə xalqdan ancaq eyş-işrət, dedi-qodu ilə maraqlanan kütlə düzəltmək idi. Çox təəssüf edirəm ki, Azərbaycan müstəqil olandan sonra da bu ənənə davam etdi və sovet dövründən də eybəcər şəkil aldı. Nüfuzunu, qələmini qoruyan jurnalistlər kənara atıldı, şərəf-ləyaqətin, qələmin gücünün nə olduğunu bilməyənlər media kapitanları oldu. Sifarişlə, pulla insanları təhqir etmək, şər-böhtan atmaq ölkədə ən mükəmməl biznesə çevrildi. Məhz buna görə də sözün, məqalənin gücünü, əhəmiyyətini, heç mənasını da anlamayanlar jurnalistikada çoxluq təşkil etdi. Elə onlar da mənzillərlə, fəxri adlarla təltif olundular. Əksəriyyət üçün pula, sifarişə, bəzən hətta yarınmağa görə tanınmış şəxsləri linç etmək adi qaydaya çevrildi. Hətta iş o yerə çatdı ki, keçmiş Mətbuat Şurası dünyanın heç bir yerində olmayan, sadəcə dələduz sözünü əvəzləyən "reket jurnalistika" anlayışını icad etdi.
Əminəm ki, Dövlətə və Xalqa belə jurnalistlərin vurduğu ziyanı nə xarici düşmənlər, nə də ki, xalqın malını talayan məmurlar vura bilməzdi. İnanmıram ki, hətta Sizin başçılıq etdiyiniz yeni Mətbuat Şurası belə uzun illər aşılanmış, bizim xalqın əxlaqına, mədəniyyətinə yad olan ziyanlı hallardan cəmiyyətimizi qısa müddətə xilas edə bilsin. Yeni seçilmiş Mətbuat Şurasında cüzi dəyişikliklər olsa da Sizin başçılığınızla bu yolda qəti addımlar atılacağına və sözün cəmiyyətə müsbət təsirini bərpa etməsinə, həqiqi jurnalistikanın bərqərar olmasına var gücünüzlə çalışacağınıza inanıram. Sizə və məsləkdaşlarınıza bu ağır yolda uğurlar arzulayıram. Uzun illər kənarda qalmış, baş verənlərə seyrçi olmuş qələminə sadiq qalan jurnalistlərdən də bundan sonra daha aktiv olmalarını, küçədən keçənlərin jurnalistikaya soxulmasına yol verməmələrini gözləyirəm.
Hörmətli Rəşad bəy, mənim artıq bu yaşımda bu Dövlətdən, Hakimiyyətdən, Xalqdan heç bir umacağım yoxdur. Yeganə istəyim Dövlətimizin və Xalqımızın firəvan yaşaması, uzun illər dədə-babalarımızın bizə qoyduğu əxlaqi, mənəvi mirasların qorunmasıdır. Bir daha bildirmək istəyirəm ki, mənimlə Taleh Şahsuvarlı və onu kimiləri arasında heç bir barışıq ola bilməz. Lakin Sizin xahişinizi nəzərə alaraq, yalnız Sizə olan hörmətimdən və mətbuatın bu günkü durumundan ciddi narahatlıq keçirdiyimə görə T.Şahsuvarlı barəsində 3 ilə yaxındır ki, davam edən məhkəmə prosesinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəm.
Hörmətlə,
Aslan İsmayilov
______________________________________________________________________________
Tanınmış hüquqşünas Aslan İsmayılova
Hörmətli Aslan müəllim,
Siz ölkəmizdə kifayət qədər tanınmış, nüfuzlu hüquqşünassınız. Azərbaycan mediası ilə hər zaman sıx əlaqələriniz olub. İstər peşəniz müstəvisində, həm də ziyalı kimi mövqeyinizlə zaman-zaman müstəqil medianın inkişafına, onun hüquqi bazasının təkmilləşməsinə töhfələr vermisiniz, jurnalistlərin həvəslə üz tutduqları müsahiblərdənsiniz.
Ayrı-ayrı kütləvi informasiya vasitələrindəki çıxışlarınız, yazılarınız, müxtəlif məsələlərlə bağlı sosial şəbəkələrdəki paylaşımlarınız ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşməsinə müstəsna dəstək xarakteri daşıyıb. Təəssüf ki, bir sıra hallarda bu mövqeyiniz müəyyən şəxslərin qısqanclığı ilə qarşılanıb, Sizə qarşı xoşagəlməz düşüncə və mülahizələrin şahidi olmuşuq.
Uzun müddətdir “Aznews.az” saytının rəhbəri, həmkarımız Taleh Şahsuvarlı ilə davam edən məhkəmə çəkişməsinin təfərrüatları da diqqətimizdədir. Qeyd edim ki, T.Şahsuvarlı Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə müraciət edərək Sizinlə arasında yaranmış problemin mövcudluğuna görə dərin təəssüf hissi keçirdiyini, yazılarının sizdə yaratdığı narahatlığa görə üzrxahlığını bildirib, məhkəmə çəkişməsinə yol açan məqalələrin və Sizinlə bağlı sosial şəbəkələrdəki paylaşımlarının silinməsinə hazır olduğunu vurğulayıb. Aydın görünür ki, jurnalist cəmiyyətdə yetərincə səs-küy yaratmış bu insidentin uzanmasını istəmir, münasibətlərin normal məcrada qurulmasını, barışıq əldə edilməsini arzulayır.
Hörmətli Aslan müəllim,
Sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz.
Sizə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə uğurlar və mənəvi dinclik arzulayıram.
Səmimi hörmətlə: Rəşad Məcid,
Azərbaycan Mətbuat Şurasının sədri
______________________________________________________________________
Azərbaycan Respublikası Mətbuat Şurasının sədri
Rəşad Məcid cənablarına
Hörmətli Rəşad müəllim!
17 sentyabr 2019-cu ildə Baş redaktoru olduğum AzNews.az saytında araşdırma yayımlanıb. Məqaləni hazırlayarkən məqsədim Aslan İsmayılovla bağlı cəmiyyətdə neqativ rəy formalaşdırmaq yox, milli və ictimai maraqlar baxımından narahatlıq doğuran halları işıqlandırmaq olub. Məqalənin yayımlanmasından bir il sonra hüquqşünas Aslan İsmayılov xüsusi ittiham qaydasında barəmdə məhkəməyə şikayət edib. Bakı şəhəri Binəqədi rayon məhkəməsinə edilmiş şikayət üzrə növbəti iclas 5 dekabr 2022-ci ildə keçiriləcək.
İllərdir davam edən bu məhkəmə prosesi ilə bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, sözügedən məqalədə yer almış faktlar açıq informasiya qaynaqlarından götürülüb. Əgər həmin məlumatlardan hər hansı biri qeyri-səhihdirsə, ona görə mənəvi və hüquqi məsuliyyət bizim üzərimizə düşmür. Bununla belə, məsələnin bu yerə çatmasına dərindən təəssüf edir, ali milli maraqlarımızı, rəğbət bəslədiyim rəsmi şəxslərin tövsiyyələrini, sizin üzərimdəki mənəvi haqqınızı, Aslan İsmayılovun tanınmış hüquqşünas olmasını, məqalənin Aslan İsmayılovda yaratmış olduğu narahatçılıqları nəzərə alaraq üzrxahlığımı ifadə edirəm.
Xahiş edirəm ki, bu konfliktin dəfələrlə hər iki tərəfə təklif edildiyi kimi, məhkəmədən kənar qaydada, barışıq yolu ilə həll olunmasına Mətbuat Şurasının sədri kimi köməklik göstərəsiniz.
Həmin məqalənin yayımını saytımızda dayandırmağa və bu barədə məlumatları sosial şəbəkə hesablarından silməyə hazırıq.
Hörmətlə,
Taleh Şahsuvarlı / /
AzNews.az analitik-informasiya portalının baş redaktoru