Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin təmsilçiləri Mətbuat Şurasında olublar
Bu gün Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin sədri Azər İsmayıl və qurumun İdarə Heyətinin üzvləri – Ayan Nəcəf və Vüqar Zeynalov Azərbaycan Mətbuat Şurasında olublar.
Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid son illər idman jurnalistikasının xeyli inkişaf etdiyini bildirib. O, ümumən sahə jurnalistlərinin təşkilatlanmasının önəmindən söz açıb, bunun peşənin ixtisaslanmasına dəstək baxımından vacibliyini vurğulayıb. R.Məcid, eyni zamanda, idman jurnalistikası ilə bağlı yeniliklərin tətbiqinə istitusional baxışın təmin edilməsinin zəruriliyinə də toxunub. Bunun yaradıcılıq imkanlarına müsbət təsirindən söz açıb.
Azərbaycan İdman Jurnalistləri İB-nin nümayəndələri təmsil olunduqları qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat veriblər. Onlar qarşıya qoyulan başlıca məqsədin idman jurnalistikasının özünün diferensiallaşmasına dəstək göstərilməsi olduğunu vurğulayıblar.
Görüşdə birgə əməkdaşlığın müxtəlif istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.