MŞ İdarə Heyətinin üzvü media və gender əsaslı zorakılıqla mübarizə mövzusu ilə bağlı toplantıya qatılıb

about1

Mətbuat Şurasının İdarə heyətinin üzvü Yeganə Hacıyeva “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə Fəallıq” Kampaniyasına həsr olunmuş “16 günlük fəallıq  Kampaniyası Media Müstəvisində” adlı tədbirdə iştirak edib.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş toplantı ənənəvi və rəqəmsal medianı qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə işinə cəlb etmək üçün çağırış məqsədi daşıyıb.

MŞ İdarə Heyətini üzvü Y.Hacıyeva tədbirdəki çıxışında gender bərabərliyi mövzusunda medianın vacib rolu haqqında söz açıb. O, KİV-lərdə mövcud istiqamətdəki tendensiyalar, peşəkarlıq xüsusiyyətləri barədə məlumat verib, neqativ meyllərdən danışıb. 

Y.Hacıyeva diqqəti qadınlara qarşı kriminal hadisələrin işıqlandırılması parametrlərinə çəkib. Bu baxımdan bəzən KİV-lər tərəfindən cəmiyyətə konfliktli durumları körükləyən mesajların ötürməsi hallarının nəzərə çarpdığını, medianın bu xüsusdakı hadisələrə münasibət ortaya qoyduğunu, yəni xəbərçilikdən uzaqlaşaraq açıq və gizli şiddət elementlərini təbliğ etdiyini vurğulayıb. O, belə hallara qarşı MŞ çərçivəsindəki mübarizə formalarına toxunub. 

Y.Hacıyeva, həmçinin, qadınlara qarşı ayrı-seçkiliyin bütün forma və təzahürlərinin aradan qaldırılması ilə bağlı ictimai müqavimət instrumentlərinin formalaşmasında, onların işləkliliyinin təminatında jurnalistikanın rolu haqqında da danışıb, bununla əlaqədar beynəlxalq medianın praktikasında rast gəlinmiş metodları önə çəkib.

25.11.2022