Azərbaycan Mətbuat Şurasının Yeni Azərbaycan Partiyasına 30 illik yubiley təbriki

about1

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlamasından 30 il ötür.

Ulu öndər  Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi  ilə  hakimiyyətə qayıdışından sonra iqtidar partiyasına çevrilmiş YAP, dövlətimizin həyata keçirdiyi siyasətə dəstəyini irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə təsdiqləyib. Partiya Heydər Əliyev şəxsiyyətinin müəyyənləşdirdiyi kursun reallaşmasında yaxından iştirak etməklə, müstəqilliyimizin dönməzlik salnaməsində müstəsna pay sahibinə, ölkəmizin qazandığı nailiyyətlərin bələdçisinə çevrilib. Xalqımızın arzu və istəyi ilə yaranmış YAP onun inamını və etimadını doğrultmağı bacarıb. Buna görə ötən 30 il, həm də, dövlətimizə, xalqımıza xidmət tarixidir. Qətiyyətlə demək olar ki, yubilyar partiya qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla yerinə yetirib.

Bu günün YAP-ı Prezident İlham Əliyevin rəhbərliyi ilə vətənimiz Azərbaycanın daha yüksək zirvələrə doğru inamla irəliləməsinin ideoloji dayağı rolunda çıxış edən oturuşmuş, ölkəmizdə və dünyada böyük nüfuz qazanmış mərkəzdir. Bu mərkəz, eyni zamanda, ulu öndər Heydər Əliyevin azərbaycançılıq irsinin gələcək nəsillərə çatdırılmasının təminatçısıdır. 

Dövlətimizin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində tarixi Zəfərimizə imza atmışıq. Məhz bu şanlı Qələbəmizin yaratdığı reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası, qəbul etdiyi qərarlara, müasir dövrün yeniliklərinə söykənir, “Biz birlikdə güclüyük!” şüarı ilə cəmiyyətə səslənir. Xalqımızın və dövlətimizin maraq və mənafelərini rəhbər tutan bu çağırışın daimi olmasını diləyirik.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi, partiya Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanı, YAP Mərkəzi Aparatının rəhbərliyini, sıralarında birləşdirdiyi 800 minə yaxın üzvün hər birini 30 illik yubiley münasibətilə təbrik edir, onlara dövlətçiliyimizin möhkəmlənməsi yolunda yeni-yeni müvəffəqiyyətlər, əldə etdikləri böyük uğurların davamını arzulayırıq.

Azərbaycan Mətbuat Şurası İdarə Heyəti

21.11.2022