Mətbuat Şurasının Komissiya sədri “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfransda iştirak edib

about1

“Bu gün söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi mövzusu hər birimizin diqqət mərkəzində və marağında olan məsələdir. Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi – bunlar fərqli səslənsə də, fərqli məna versə də, əslində bunları biri-birindən ayrı təsəvvür etmək mümkün deyil. Çünki dövlət maraqları, cəmiyyət maraqları həm söz azadlığının qorunmasını, həm də cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunmasını istəyir”. Bu fikirləri Mətbuat Şurasının Media ilə dövlət qurumları arasında kommunikasiya üzrə Daimi Komissiyasının sədri, Şuranın İdarə Heyətinin üzvü Elşad Eyvazlı Baş Prokurorluq tərəfindən Qubada keçirilən “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda işgüzar konfransda deyib.

E.Eyvazlı bildirib ki, söz azadlığının qorunması dövlətin məhək daşlarından hesab olunur: 

“Söz azadlığı hüquqi dövlətin əsas təsisatlarındandır. Odur ki, bu məsələdə nəinki jurnalistlərimiz, dövlət qurumlarında çalışan şəxslər də maraqlı olmalıdır. Cənab Prezident İlham Əliyevin söz azadlığının qorunması, jurnalistlərə yanaşması hər bir məmur üçün örnək olmalıdır. Əlbəttə ki, söz azadlığından sui-istifadə yolverilməzdir. Çünki əgər söz azadlığı demokratik cəmiyyət üçün vacibdirsə, cəmiyyətin informasiya təhlükəsizliyi də onun qədər önəmlidir”.

Elşad Eyvazlı vurğulayıb ki, hazırda Azərbaycan Mətbuat Şurası mediadakı neqativ meyllərə, sui-istifadə hallarına qarşı mübarizə aparır: 

“Əslində Mətbuat Şurasının işi media ilə dövlət qurumları arasındakı münasibətlərin tənzimlənməsidir. Bəzən hansısa məmur elə düşünür ki, o, ölkəsini jurnalistdən çox istəyir, bəzən də jurnalist elə düşünür ki, o, Azərbaycana məmurdan daha çox bağlıdır. Biz isə hesab edirik ki, elə məmur da, jurnalist də ilk növbədə vətəndaşlıq borcunu yerinə yetirməlidir. Vətənə bağlılıq ürəklə olur. Necə ki, bunu 44 günlük Zəfər tariximizi yazan Azərbaycan əsgəri göstərdi. Bu, hər kəs üçün nümunə olmalıdır.

Qeyd etməliyəm ki, əvvəlki dövlərdə Azərbaycan Mətbuat Şurasının mediamızdakı neqativ meyllərə, sui-istifadələrə qarşı mübarizədə araşdırma predmeti ənənəvi media olub. Mətbuat Şurası həm monitorinqlər aparıb onların nəticələrini cəmiyyətə açıqlayıb, həm də cəmiyyətdən ənənəvi media ilə bağlı gələn şikayətlərə reaksiya verməklə, ictimai qınağa əsaslanmış qərarlar çıxarıb. Əlbəttə ki, bu gün də bu işlər davam etdirilir. Ancaq indi zaman bizdən daha çevik olmağı tələb edir”.

Müasir dövrün tələblərindən söz açan Elşad Eyvazlı yeni çağırışların media yaratdığını sözlərinə əlavə edib:

“Zaman dəyişir. Bir anlıq düşünün, dünya əvvəlki dünyadırmı? Deyil, artıq dünya bir saat əvvəlki dünya belə deyil. Yeni çağırışlar yeni yanaşmalar tələb edir. Yeni çağırışlar yeni medianı yaratdı. Yeni media isə ənənəvi medianı sıradan çıxarır. Bu, günümüzün gerçəkliyidir.

Onu da bilmək lazımdır ki, yeni media yalnız saytlar deyil, bura sosial şəbəkələrin bütün seqmentlləri aiddir. Ona görə sosial şəbəkələrin adını xüsusi vurğulayıram ki, bu gün hər birimiz, müxtəlif qurumlar, bütövlükdə cəmiyyət bəzən sosial şəbəkələrdəki paylaşımlardan əziyyət çəkir. Sosial şəbəkələrdə yanlış, kiməsə qarşı qərəz, şər, böhtan, şantaj artıq dünyada tendensiyaya çevrilib.

Onlarla iş aparmağın spesifikası və çətinliyi var. Son illərdə sosial şəbəkələrin təsir gücünün artması və medianın sosial mediaya transformasiyası prosesi çox sürətlə gedir. Yayım platformaları genişlənir. Mövcud şəraitdə vətəndaş jurnalistikası önə çıxır, bununla bərabər neqativ meyllər də çoxalır.

Bu, Azərbaycan Mətbuat Şurasına daxil olan müraciətlərdə də öz əksini tapır. Görünən budur ki, jurnalistikaya tam yad adamlar jurnalist adı ilə özlərinə məxsus sosial şəbəkə profillərindən cəmiyyətə üz tuturlar. Onların yanaşması kütləyə hesablanır. Xüsusən də “Youtube” üzərindən TV yayımçılığı həyata keçirdiyini, “Facebook” və “İnstagram”da canlı yayım etdiyini iddia edən bəzi şəxslər açıq formada mənəvi terror həyata keçirirlər. Adi məişət məsələlərini böyük faciə kimi gündəmə gətirirlər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü bu məsələ ilə bağlı qardaş Türkiyə parlamentinin təsdiqlədiyi sənədə diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, eyni sənəd Almaniya və Fransada Türkiyədən əvvəl təsdiqlənib:

“Yeganə fərq odur ki, Avropa ölkələrində sosial şəbəkə istifadəçilərinə cəza tədbiri kimi həbs nəzərdə tutulmur. Türkiyədə isə belə məqamlarda 1 ildən 3 ilədək həbs nəzərdə tutulur. Biz də kimsənin şər, böhtanla, şantajla üz-üzə qalmasının əleyhinəyik. Ancaq sosial şəbəkə istifadəçiləri anlamalıdırlar ki, böhtana, yalana görə məsuliyyət daşıyırlar.

Mətbuat Şurası informasiya məkanında hüquqi cəza mexanizmlərinin dövriyyəyə girməsini arzulamır. Buna görə də Mətbuat Şurası sosial şəbəkə istifadəçilərinə müraciət ünvanladı. Müraciətdə məqsəd o idi ki, vətəndaş jurnalistikasının nümayəndəsi sayılan şəxslər də Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları ilə müəyyənləşdirilmiş prinsiplərə əməl etsinlər.

Mətbuat Şurası konkret şikayətlər, eləcə də quruma daxil olan müəyyən siqnallar və müşahidələri ilə mövcud istiqamətdəki mənfi meylləri qruplaşdırır və reaksiya verir. Bu kimi halların müzakirəsi üçün Şurada ayrıca Etika Komissiyası yaradılıb. Ümumən bütün bunlara görə, Mətbuat Şurasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyətini intensivləşdirməsi zəruridir, günün tələbidir. Şura bununla bağlı əməkdaşlığı davam etdirməyə hazırdır”, - deyə Şuranın Daimi Komissiya sədri qeyd edib.

Mənbə: "Modern.az" saytı

16.11.2022