Mətbuat Şurasında "Hərbi And" qəzetinin 20 illiyi ilə bağlı tədbir keçirilib
Bu il "Hərbi And" qəzetinin 20 illik yubileyidir. Bu münasibətlə Mətbuat Şurasında tədbir keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid qəzetin kollektivini təbrik edib. Hərbi-vətənpərvərlik qəzeti olan “Hərbi And”ın cəmiyyətimiz üçün gərəkli bir missiyanı yerinə yetirdiyini bildirib.
Qəzetin təsisçisi və baş redaktoru Emin Həsənli səmimi sözlər və verilən dəyər üçün təşəkkürünü bildirib.
Daha sonra qəzetin kollektivi mükafatlandırılıb.
Xatırladaq ki, "Hərbi And" qəzeti müstəqilliyinin ilk onilliyini yaşayan bir dövlətin hərbi sahədə bilgilərin yayılması, vətənpərvərliyin, Silahlı Qüvvələrin nailiyyətlərinin təbliğ olunması zərurətindən yaranıb. Həmin dövrdə KİV-də ordu haqqında qərəzli fikirlərin ardıcıl yer alması ictimaiyyət arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarmışdı. Məhz belə bir vaxtda ordudan tərxis olunmuş bir qrup gənc müstəqil hərbi mətbu orqanın yaradılmasına təşəbbüs göstərdi. Beləliklə, ilk sayından ictimaiyyətin diqqətini öz üzərinə çəkməyi bacaran, bununla da uğurlarının başlanğıcı qoyulan qəzet, başda Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi sədri Emin Həsənli olmaqla, vətənpərvər ziyalıları, hərbi sahədə bilgisi və marağı olan jurnalistləri bir araya toplamağı bacardı.
"Hərbi And"çılar yalnız bu günlə kifayətlənmir, zaman-zaman Azərbaycan tarixinin keçmiş səhifələrini də vərəqləyir, türk hərb tarixindən, fatehlərdən, Babək, Qaçaq Nəbi, Şah İsmayıl Xətai dövründən ta bu günümüzə qədər olan qəhrəmanlarımızdan, dahi şəxsiyyətlərimizdən, sərkərdələrimizdən, Nizamidən, Füzulidən, Nəsimidən bu yana şair və yazıçılarımızdan, milli əxlaqi dəyərlərimizdən söz açır, bu barədə bilgiləri oxuculara çatdırmaq üçün yorulmadan çalışırlar.
Qəzet 20 illik fəaliyyəti dövründə Azərbaycan mətbuatında bir sıra mühüm layihələrə imza atıb, yeniliklərlə fərqlənib. İlk saylarından vətənə məhəbbət, düşmənə nifrət ruhunda silsilə materiallar təqdim edən "Hərbi And" ordu-cəmiyyət əlaqələrinin güclənməsinə yönələn yazılar verib. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələri haqqında düzgün və obyektiv ictimai rəyin formalaşmasında, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, mətbuatda hərbi və dövlət sirlərinin yayılmasına qarşı hər bir jurnalistin vətəndaş mövqeyindən çıxış etməsinin təmin edilməsinə şərait yaradıb.
Hazırda qəzetin “herbiand.az” onlayn versiyası da fəaliyyət göstərir.