Rəşad Məcid Real TV-nin qonağı oldu

about1

Rəşad Məcid: “İndiki vəziyyətdə ordumuzun aşağılanması bütövlükdə dövlətimizin və hər bir fərdimizin aşağılanması deməkdir”

“Ordumuzla qürur duyuruq. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun böyük zəfəri bunun sübutudur. Eyni zamanda, Zəfərimizdən keçən 2 il müddətdə ordumuzda xeyli təkmilləşmə, irəliləyiş var. Bu günlərdə cənab Prezident də bunu qeyd elədi, Azərbaycanın düşmənlərinə qarşı fikir bildirərkən, ordumuzun əvvəlkindən də güclü olduğunu söylədi. Şübhəsiz ki, indi açıq və gizli düşmənlər Azərbaycan dövlətinə, ordumuza qarşı müxtəlif məqamlardan istifadə edərək təxribatlar törədirlər. Təəssüf edirəm ki, bəzən düşmən dəyirmanına su tökənlərin arasında bizim içimizdən olanlar da tapılır”.

Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Real TV-də yayımlanan "Real İntervyu" verilişində son zamanlar sosial mediada  orduya qarşı anti-təbliğat dalğasının aparılması ilə bağlı məsələni müzakirəsi zamanı bildirib. Rəşad Məcid  qeyd edib ki, Mətbuat Şurası da bu yaxınlarda bütün sosial media fəallarına müraciət edib və etik davranış qaydalarını, etik prinsipləri gözləməyə səsləyib:

“Son illərdə media mühiti genişlənib, özünə jurnalist deyənlər həddən artıq çoxalıb. Ümumiyyətlə, ictimaiyyətin gözündə kim mediadır, jurnalist hansıdır, hələki xaotik bir vəziyyət var. Ona görə də “Media haqqında” yeni qanunda media savadlılığı ilə bağlı xüsusi bənd mövcuddur. Çünki insanlar xüsusən sosial mediada olan informasiyalara inanır.  Halbuki media savadlılığı o deməkdir ki, hazırda qarışıq informasiya məkanında hər deyilən sözə inanmaq lazım deyil. Bu baxımdan insanların maarifləndirilməsi, media savadlılığının artırılması istiqamətində işlərimiz çoxdur.  Mətbuat Şurası da bu yaxınlarda bütün sosial media fəallarına müraciət etdi və etik davranış qaydalarını, etik prinsipləri gözləməyə səslədi”. 

Daha sonra sədr bildirib ki, insanlara qarşı təhqir, böhtan, terrora, xürafata, cəhalətə çağırış yolverilməzdir: 

“Bu kimi məsələlərlə bağlı tez-tez sosial mediada fikirlərimizi bölüşür və müraciətimizi paylaşırıq. Amma elə qüvvələr var ki, onlar  xaricdən idarə olunur, müəyyən dövlətlərin xüsusi xidmət orqanlarının əli ilə “qidalanırlar”. Burada artıq Azərbaycanın müvafiq dövlət strukturları mümkün imkanlardan istifadə etməli, həmçinin, birmənalı şəkildə ictimaiyyətin qınağı olmalıdır. İctimaiyyət xüsusilə, ordumuzu aşağılayan məqamların olduğunu görən kimi o adamlara, blogerlərə, sosial media platforması istifadəçilərinə mütləq sərt reaksiyasını bildirməlidir. Çünki bizim qələbəmiz dözlətimzin möhkəmliyi, ordumuzla bağlıdır. İndiki vəziyyətdə ordumuzun aşağılanması bütövlükdə dövlətimizin və hər bir fərdimizin aşağılanması deməkdir. Eyni zamanda, dövlət strukturlarının üzərinə də xeyli məsələlər düşür. Son illərdə qanunvericilikdə internet ehtiyatlarında hansısa təhqirə, böhtana yol verən şəxslərə qarşı xüsusi maddələr var və bundan istifadə etmək lazımdır”.

11.11.2022