Mətbuat Şurasının və Şuşa RİH-in təşəbbüsü ilə “Şuşa” qəzetinin 90 illik yubileyi qeyd edilib
Oktyabrın 29-da Bakıdakı Şuşa rayon 1 saylı orta məktəbinin akt zalında Azərbaycan Mətbuat Şurasının və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Şuşa” qəzetinin 90 illik yubiley tədbiri keçirilib. Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmış tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının, şəhid jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Toplantını açan Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva “Şuşa” qəzetinin Azərbaycanın ictimai həyatında oynadığı rolu əks etdirən fikirlərini bölüşüb. O bildirib ki, 1932-ci ildə ilk sayı işıq üzü görmüş nəşr sabiq sovet quruluşunun simvollarını daşıyan müxtəlif adlarla fəaliyyət göstərməsinə baxmayaraq, həmişə özünün cəsarətli mövqeyi ilə seçilib, respublikamızda milli mənlik şüurunun formalaşmasına misilsiz töhfələr verib. Qəzetdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin düşündürücü mövzularda çoxsaylı məqalələri yayımlanıb. Ona rəhbərlik edənlər də vətənpərvər ziyalılar olublar. V.Fətəliyeva buna görə “Şuşa” qəzetinin 90 illik yubileyini ümummilli miqyas daşıyan hadisə kimi dəyərləndirib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov iştirakçıları salamyaraq bildirib ki, Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə Şuşanı işğaldan azad etməsi bu müqəddəs diyarın adını daşıyan nəşrin əlamətdar tarixinin böyük ruh yüksəkliyi ilə qeyd edilməsində başlıca amildir. O, çıxışında həmçinin yubilyar nəşrin tezliklə doğma şəhərdə fəaliyyət göstərəcəyinə inamını bildirib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Şuşa xatirələrini dilə gətirib. O bildirib ki, Şuşa ilə bağlı ən gözəl və təsirli sözlərin müəllifi ölkə Prezidenti cənab İlham Əliyevdir. Azərbaycan xalqının bu müqəddəs şəhərə can atmasının ən böyük çağırışını edən şəxsin dövlət başçısı olduğunu deyən MŞ sədri onu da bildirib ki, “Şuşa” qəzeti də hər daşında, hər qayasında milli xarakterimizin, milli düşüncə tərzimizin rəmzlərini daşıyan doğma diyarın ahəngdarlığını sözə, sənət nümunəsinə çevirmək istiqamətində uzun yol gəlib. MŞ sədri çıxışında, həmçinin yubilyar nəşrin əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın ənənələrinə sadiq qalaraq maarifpərvər missiya daşıdığını vurğulayıb. R.Məcid “Şuşa” qəzetinin rəhbərlik etdiyi qurum tərəfindən diplomla təltif olunduğunu bildirib və diplom plaketini qəzetin redaktoru Vasif Quliyevə təqdim edib.
Yubiley tədbirində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Milli Məclisin deputatı Ziyad Səmədzadə, MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Milli Məclisin deputatı Elman Nəsirov, sabiq deputat Flora Qasımova, “Qarabağa aparan yol” qəzetinin baş redaktoru Əli Mahmud və başqaları Şuşa adının vətənimiz Azərbaycanın şərəf nişanı olduğunu bildirərək onun işğaldan azad edilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, Şuşa uğrunda döyüşlərdə həlak olmuş övladlarımıza rəhmət diləyiblər. Onlar həmçinin qeyd ediblər ki, 90 yaşı tamam olan “Şuşa” qəzeti təkcə şəhər həyatının deyil, ümumən, Qarabağla bağlı tarixi həqiqətlərin işıqlandırılmasında mühüm rol oynayıb, geniş maarifçilik işi aparıb, dövlətçilik irsimizin təbliğinə, ədəbi-mədəni ənənlərimizin zənginləşməsinə töhfələr verib və indi də bu vacib missiyanı davam etdirir. Qəzetə 2005-ci ildən “Canlı Şuşa ensiklopediyası” adı ilə tanınan, bütün varlığı ilə bu müqəddəs diyarımıza bağlı olan tədqiqatçı jurnalist, publisist və tərcüməçi Vasif Xosrov oğlu Quliyevin rəhbərlik etdiyini deyən natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda çıxış edən “Şuşa” qəzetinin redaktoru V.Quliyev nəşrin fəaliyyətinə verilən yüksək dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Yubiley tədbiri Şuşadan olan incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.