Mətbuat Şurasında “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimatı keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış idman jurnalisti məhrum Elnur Əşrəfoğluna həsr olunmuş “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Toplantıda öncə Vətən uğrunda canından keçmiş övladlarımızın, şəhid media təmsilçilərinin, dünyasını dəyişmiş jurnalistlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bir il öncə E.Əşrəfoğlunun vəfatı onu tanıyan hər kəsi sarsıtdı, üzüntüyə və kədərə qərq etdi. Buna görə təqdimatı keçirilən kitab həm təsəllidir, həm də jurnalistin ruhuna etiramdır.

R.Məcid həmçinin vurğulayıb ki, idman jurnalistikasının simasına çevrilmiş E.Əşrəfoğlu ümumilikdə ötən əsrin 90-cı illərində yetişmiş jurnalist nəslinin parlaq istedadı, bacarığı və təşəbbüskarlığı ilə seçilən nümayəndələrindəndir. O, bənzərsiz peşə duyumu, professional keyfiyyətləri ilə tanınmışdısa, incə yumor tərzi, qayğıkeşliyi, dostcanlılığı ilə də hörmət qazanmışdı. “Əmək fəaliyyətinə 1992-ci ildə “525-ci qəzet”də başlamış Elnur idman jurnalistikasına yeni ruh gətirmişdi. Buna görə müasir dövr idman jurnalistikasının simvollarındandır. Onun xatirəsinə ehtiram əlaməti kimi ərsəyə gəlmiş kitab bu baxımdan da müstəsna əhəmiyyət daşımaqdadır”, - deyən R.Məcid E.Əşrəfoğlu ilə bağlı xatirələrini yada salıb.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli, tanınmış telejurnalist Telli Pənahqızı, tanınmış naşir və şoumen, Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə, ATV telekanalının İdman informasiya proqramının redaktoru və aparıcısı İlkin Xəlilov, telekanalın digər əməkdaşı Sənan Şəfizadə, AZTV-nin əməkdaşı İman Orucov, "Neftçi" İdman Klubunun mətbuat xidmətinin rəhbəri Vaqif Alıoğlu, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının hazırlanmasında əməyi keçən filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı mərhum jurnalisti peşəkar televiziyaçı, dost, yüksək mənəvi keyfiyyətləri ilə seçilmiş vətənpərvər, əsl ziyalı, mərd və bütöv xarakterə malik insan, gözəl ailə başçısı kimi xarakterizə edərək xatirə dolu fikirlərini bölüşüblər.

Toplantıda Elnur Əşrəfoğlunun adının əbədiləşdirilməsi məqsədilə idman jurnalistləri üçün nəzərdə tutulacaq mükafatın təsis edilməsinə dair təklif yekdilliklə bəyənilib, mövcud istiqamətdə işlərin aparılmasının, prosesə Mətbuat Şurasının da dəstək verməsinin zəruriliyi vurğulanıb. Belə bir qədirbilənliyin nəinki idman mediasının, ümumilkdə jurnalistikanın stimullaşdırılmasına əməli töhfə, E.Əşrəfoğlunun həyat yoluna dəyər nümunəsi kimi gənc nəslə örnək ola biləcəyi diqqətə çatdırılıb.

Toplantıda çıxış edən E.Əşrəfoğlunun atası Əşrəf Şükürov, həyat yoldaşı İlahə Şükürova mərhumun xatirəsinə dəyər verdikləri üçün tədbir iştirakçılarına, təqdimatı keçirilən nəşrin ərsəyə gəlməsində əməyi keçən şəxslərə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, Elnur Əşrəf oğlu Şükürov 19 iyun 1974-cü ildə Mingəçevir şəhərində anadan olub. BDU-nun Beynəlxalq əlaqələr və beynəlxalq jurnalistika fakültəsini bitirib. 1992-1993-cü illərdə “525-ci qəzet”də müxbir işləyib. 1993-cü ildən 2010-cu ilədək Azərbaycan Televiziyasında müxbirlikdən baş redaktorluğa qədər fəaliyyət yolu keçib. 1997-ci ildə İdman Jurnalistləri Asssosiasiyasının ilk üzvlərindən olub. Yay və qış olimpiya oyunlarında Azərbaycandan təyin olunmuş jurnalist kimi iştirak edib.

Milli Olimpiya Komitəsinin üzvü kimi də fəaliyyət göstərmiş E.Əşrəfoğlu 2010-cu ildə “Neftçi” İdman Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini tutub. 2011-2012-ci illərdə “Space TV”də İdman departamentinin rəhbəri olub. 2015-ci ildən həyatını Azərbaycan Cüdo Federasiyası ilə bağlayıb. Burada əvvəlcə Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, 2018-ci ildən başlayaraq isə qurumun baş katibinin müavini vəzifələrində çalışıb. E.Əşrəfoğlu 2021-ci ilin oktyabrın 19-da “COVID 19” xəstəliyindən dünyasını dəyişib.

Onu da bildiririk ki, “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Elnur Əşrəfoğlu xatirələrdə” kitabının redaktoru və ön söz müəllifi professor Qulu Məhərrəmli, tərtibçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təranə Çərkəzqızı və Neftçi İdman Klubunun həkimi İlahə Şükürova, rəyçisi ATV-nin İdman informasiya proqramının redaktoru və aparıcısı İlkin Xəlilovdur. Kitabda E.Əşrəfoğlun həmkarları, dostları, doğmaları və əzizləri olmaqla ümumilkdə 30-dan çox şəxsin onun barədə qeydləri, tanınmış jurnalistin həyatının müxtəlif illərinə aid fotolar yer alıb.

17.10.2022