Mətbuat Şurası və MEDİA arasında əməkdaşlıq memorandumu imzalanıb
12 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədin imzalanmasında məqsəd MEDİA Agentliyi və Mətbuat Şurası arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media mühitinin şəffaflaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsidir.
Memorandumu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid imzalayıblar.
Sənədə əsasən, cəmiyyətdə media savadlılığının artırılması sahəsində birgə layihələrin icrası, jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması, mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əməkdaşlıq memorandumu Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılmasını, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görülməsini, bu istiqamətdə birgə layihələr, konfranslar, təlimlər və seminarların təşkilini əhatə edir.
Memorandumun mətni aşağıdakı kimidir:
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası arasında
ƏMƏKDAŞLIQ MEMORANDUMU
Bakı şəhəri “11” oktyabr 2022-ci il
Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – “Agentlik”) və Azərbaycan Mətbuat Şurası (bundan sonra – “Şura”) səmərəli əməkdaşlığın qurulması zərurətini nəzərə alaraq, media sahəsində əməkdaşlıq etmək marağını ifadə edərək, “Tərəflər” arasında bərabərlik və qarşılıqlı faydalılıq əsasında ikitərəfli əməkdaşlığın inkişafını arzu edərək bu Memorandumu imzalayırlar.
1. Memorandumun predmeti və prinsipləri
1.1. Bu Memorandum “Agentlik” və “Şura” arasında müştərək layihələrin reallaşdırılması istiqamətində effektiv və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulmasına, media mühitinin şəffaflaşdırılması, media subyektlərinin institulaşdırılması, jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılması, etik davranış qaydalarının tətbiqi sahəsində proseslərin stimullaşdırılması və bu məqsədlə digər fəaliyyətlərin koordinasiya edilməsinə yönəlmişdir.
1.2. “Tərəflər” əməkdaşlıq münasibətlərini bərabərlik, vicdanlılıq, qarşılıqlı hörmət və etimad prinsipləri əsasında həyata keçirmək niyyətindədirlər.
1.3. “Tərəflər” bu Memorandumun reallaşdırılması prosesində öz fəaliyyətlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq həyata keçirəcəklər.
2. “Tərəflər”in əməkdaşlıq istiqamətləri
2.1. Bu Memorandum çərçivəsində “Tərəflər” “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq aşağıdakı məsələlərin həlli üzrə birgə hərəkət etmək barədə razılığa gəlirlər:
2.1.1. cəmiyyətdə media savadlılığının artırılmasına dəstək göstərmək məqsədilə layihələr hazırlamaq və onları icra etmək;
2.1.2. jurnalistlərin informasiya almaq hüququnun təmin edilməsi istiqamətində imkanların artırılması üçün tədbirlər görmək;
2.1.3. media subyektləri tərəfindən keyfiyyətli xəbər istehsalının təmin edilməsi və jurnalistlərin peşəkarlığının artırılmasına dəstək məqsədilə layihələr hazırlamaq və onları icra etmək;
2.1.4. mediada dərc olunan və ya yayımlanan informasiyanın məzmununa dair hüquqi tələblərin, həmçinin, Azərbaycan jurnalistlərinin etik davranış qaydalarının tətbiqi istiqamətində maarifləndirici tədbirlər həyata keçirmək;
2.1.5. Media Reyestrinin aparılması zamanı Agentliyi zəruri informasiya və rəylərlə təmin etmək;
2.1.6. Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivlərinin artırılması, xarici təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə tədbirlər görmək;
2.1.7. “Tərəflər”in hər biri üçün qarşılıqlı maraq doğuran informasiya mübadiləsini həyata keçirmək.
3. Yekun müddəalar
3.1. Bu Memorandum imzalandığı tarixdən qüvvəyə minir.
3.2. Bu Memorandumdan irəli gələn münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
3.3. Bu Memorandum bir illik müddətə bağlanılır və “Tərəflər”dən biri həmin müddətin başa çatmasına ən az bir ay qalmış Memorandumu ləğv etmək niyyəti barədə digər tərəfi yazılı şəkildə xəbərdar etmədikdə o, növbəti bir illik müddətə eyni şərtlərlə uzadılmış hesab olunur.
3.4. Bu Memoranduma əlavə və dəyişikliklər yalnız “Tərəflər”in qarşılıqlı razılığı ilə yazılı qaydada rəsmiləşdirilə bilər.
3.5. Heç bir “Tərəf” digər “Tərəf”in yazılı razılığı olmadan bu Memorandumun icrasını və ya ondan irəli gələn hər hansı hüquq və öhdəlikləri üçüncü şəxsə ötürə bilməz. Bu cür razılıq olmadan hüquq və öhdəliklərin ötürülməsi etibarsız hesab ediləcəkdir.
3.6. “Tərəflər” bu Memoranduma aid məlumatı məxfi saxlayırlar və digər Tərəfin əvvəlcədən icazəsi olmadan və ya qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, digər heç bir halda həmin məlumatı üçüncü tərəflərə açıqlamır və ya ondan istifadə etmir.
3.7. Bu Memorandumun təfsiri və ya məcburi müddəaları ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı “Tərəflər” arasında danışıqlar yolu ilə həll edilir.
3.8. Bu Memorandum hər “Tərəf”ə 1 (bir) əsl nüsxə olmaqla, eyni hüquqi qüvvəyə malik 2 (iki) əsl nüsxədə Azərbaycan dilində tərtib olunmuşdur.
YUXARIDA QEYD EDİLƏNLƏRİN TƏSDİQİ OLARAQ,
“Tərəflər” bu Memorandumu öz səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edirlə
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi adından İcraçı direktor Əhməd İsmayılov |
Azərbaycan Mətbuat Şurası adından Sədr Rəşad Məcid |