Nekroloq - Atababa İsmayıl oğlu Hacıbabayev

about1

Azərbaycan jurnalistikasına, ümumən ölkəmizin yaradıcılıq mühitinə ağır itki üz verib. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi, nəşrin redaksiya heyətinin üzvü, dəyərli ziyalı Atababa Hacıbabayev vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.

A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilmiş, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.

A.İsmayıloğlu yaradıcılıq məhsuldarlığı və istedadı ilə ömrünü-gününü qəlbən bağlılıq duyduğu peşəsinə sonsuz sədaqətin nümunəsi idi. Veteran qələm sahibinin Azərbaycan mədəniyyətinin, teatr sənətinin, görkəmli incəsənət xadimlərinin həyatının öyrənilməsi və cəmiyyətə çatdırılmasındakı, ümumən bu sahənin Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsinə çevrilməsindəki xidmətləri misilsizdir.

Qayğıkeşliyi, sadəliyi, səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, özünəməxsus istedad koloritinə, zəngin yaradıcılıq duyumuna malik A.Hacıbabayevin vəfatı onu tanıyan hər kəs üçün olduqca ağırdır. Azərbaycan Mətbuat Şurası olaraq bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, acılarını və kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!

18.09.2022