Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin məlumatı

about1

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb, bunun üçün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb (bundan sonra TK). İdarə Heyətinin qərarına əsasən İdarə Heyətinin üzvləri bu tarixdən sonra TKının üzvləri kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci ildə keçiriləcək. Toplantının konkret hansı ünvanda təşkil olunacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

2022-ci ilin 20 sentyabr tarixinə qədər üzv təşkilatlar Azərbaycan Mətbuat Şurasının presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bölməyə (yuxarı hissədə ayrıca banner) daxil olaraq iki anketi endirməlidirlər. Anketin içərisi müvafiq qaydada doldurulub skan edildikdən sonra Şuranın [email protected] e-mailinə göndərməlidirlər. Hər iki anketin üzv təşkilatın rəhbərinin imzası ilə təsdiqlənməsi, möhürlənməsi mütləqdir. Anketlər MŞ-dən şəxsən götürülə, yenidən qaytarıla və ya poçtla göndərilə bilər (ünvan: AZ1106 Bakı, Nərimanov rayonu, Məmməd Araz 4.)

Anketlərdən birincisi üzv təşkilatların Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin müəyyənləşdirilməsi məqsədi ilə tərtib edilib. Üzv təşkilatlarlar ümumilikdə 23 namizəd verə bilərlər ki, bu say Şuranın İdarə Heyətinin tərkibidir. Anketə 11 jurnalistin, 7 ictimaiyyət nümayəndəsinin, 5 internet informasiya resursu təmsilçisinin adının daxil edilməsi məqbul sayıb. Bütün anketlərə verilən cavablar Təşkilat Komitəsi tərəfindən araşdırılacaq, ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara paylanacaq yekun seçki bülleteninə daxil ediləcəkdir. Seçki bülleteninə üzv təşkilatların təqdim etdikləri anketlərdə ən çox səs toplamış namizədlərin adları daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin üzvləri onların arasından seçiləcəkdir. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcəkdir.

İkinci anketdə Mətbuat Şurasına üzv təşkilatların Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak edəcək nümayəndə və ya nümayəndələrinin adları yer alacaqdır. TK-nın qərarına əsasən qurultayda gündəlik qəzetlər və informasiya agentlikləri 2 (iki), həftəlik və aylıq qəzetlər (bölgələrdə fəaliyyət göstərən qəzetlər də daxil olmaqla), jurnallar, internet media resurları, jurnalist təşkilatları və digər qurumlar 1 (bir) nümayəndə ilə iştirak edəcəklər. Üzv təşkilatların nümayəndələrinin adları qurultay iştirakçılarının vahid siyahısına daxil ediləcək. Qurultay nümayəndələri ali məclisdə səsvermə hüququ qazanacaqlar. 

Hazırda Azərbaycan Mətbuat Şurasına 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb, bəziləri isə Şura ilə əlaqələrini itiriblər. Hər bir üzv təşkilatın Şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənməsidir. Üzvlük haqqı ildə bir dəfə ödənməlidir. Gündəlik qəzetlər və informasiya agentlikləri üçün bu rəqəm 149.50, digər üzvlər üçün 99 AZN təşkil edir. Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bildirir ki, qurultayda nümayəndə ilə təmsilçilik hüququnun müəyyənləşməsində üzv təşkilatın üzvlük haqqı tələbini nə dərəcədə yerinə yetirdiyi mütləq şəkildə nəzərə alınacaqdır. Buna görə TK bütün üzv təşkilatları göstərilən tələbi müvafiq qaydada yerinə yetirməyə çağırır. Tələbə tam etinasız yanaşanların ali məclisdə nümayəndə ilə təmsilçilik hüquqi məhdudlaşdırılacaqdır. Təşkilat Komitəsi onu da xüsusi vurğulayır ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-yə üzv olmayan təşkilatların nümayəndələrinin iştirak edərək səsvermə hüququ qazanmaları Nizamnamə tələblərinə ziddir və buna yol verilməyəcəkdir. Qurultayda fərdi qaydada iştirak da yolverilməzdir. MŞ-nin Nizamnamə tələblərinə uyğun olaraq Mətbuat Şurasının İdarə heyətinin hazırkı tərkibi birbaşa qurultay nümayəndəsi statusundadır. Onlara məxsus üzv təşkilatlardan qurultayda nümayəndə kimi həmin təşkilatın müəyyənləşdirdiyi şəxs iştirak edə bilər.

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ölkənin media həyatında, ümumilikdə ictimai mühitində müstəsna əhəmiyyət daşıyan toplantı olmaq ənənəsinə malik qurultayın səmərəli təşkili, planlaşdırılmış fəaliyyətin vaxtında icrasının təmin olunması üçün Azərbaycan Mətbuat Şurasına üzv təşkilatlardan 2022-ci il sentyabr ayının 20-dək yuxarıda göstərilən proseduru yerinə yetirməyə çağırır.

Azərbaycan jurnalistlərinin VIII qurultayı ilə bağlı məlumat almaq istəyənlər aşağıdakı şəhər və mobil telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

(012) 4413596

(050) 2420991

(055) 2490991

Əlaqələndirici şəxs: Əvəz Rüstəmov.

07.09.2022