Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

about1

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya “FACE studio” Gözəllik salonunun direktoru Əliyeva İlahə Zaur qızının “Xeberaz.az” xəbər portalının təsisçisi Tural Vahidə qarşı şikayətini araşdırıb. Şikayətçi müraciətində  qeyd edib ki, xəbər portalı onun rəhbərlik etdiyi müəssisə barədə həqiqəti əks etdirməyən xəbər yayımlayıb. Xəbərdə yer tutmuş yanlış məqamların aradan qaldırılması üçün portalın redaksiyası ilə əlaqə saxlanılsa da, istəkləri təmin edilməyib.

Komissiya müəyyən edib ki,  “Xeberaz.az” xəbər portalı mübahisə yaradan məqaləni hazırlayarkən texniki prosedur baxımından qaydalara riayət etməyə çalışıb, qarşı tərəflə əlaqə saxlayıb. Amma qarşı tərəfə anlayışla yanaşmayıb, onun mövqeyini nəzərə almayıb. Məqalə hazırlanarkən, qarşı tərəfin mövqeyi orada əks edilməyib. Komissiya portala tövsiyyə edib ki, “FACE studio” Gözəllik salonu tərəfindən irəli sürülən haqlı iradlar yerinə yetirilsin. Komissiyanın iclasında iştirak edən  “Xeberaz.az” xəbər portalının təsisçisi Tural Vahid qeyd edilən tövsiyə ilə razılaşdıqlarını, şikayətçi tərəfin haqlı iradlarını aradan qaldıracaqlarını bildirib.  

Komissiya Göyçay rayon sakini Sənan Şirəliyevin “Xeberim.info” xəbər portalına qarşı şikayətini də araşdırıb. Şikayətçi qeyd edib ki, “Xeberim.info” xəbər portalı onun rəhbərlik etdiyi “ƏLİFARM MMC”nin nəzdində fəaliyyət göstərən “Avtovağzal” haqqında reallığı əks etdirməyən məqalə yayımlayıb, bununla da müəssisəyə ziyan vurub. 

Komissiyanın iclasında iştirak edən “Xeberim.info” xəbər portalının baş redaktoru Dilşad Əhmədova bildirib ki, qeyd edilən məqalə Avtovağzalın fəaliyyətindən narazılıq edən vətəndaşların şikayəti və ərizəsi əsasında hazırlanıb. Bu şikayət ərizələri və videogörüntülər saytda, məqalə çərçivəsində əks etdirilib.

Komissiya müəyyən edib ki, yayımlanmış məqalə şikayətçi vətəndaşların müraciəti əsasında hazırlansa da, məqalədə qarşı tərəfin rəyi öyərinləməyib. Bununla da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsipləri pozulub. Sayta tövsiyə edilib ki, qarşı tərəfə öz mövqeyini ifadə etmək üçün şərait yaradılsın. “Xeberim.info” xəbər portalının baş redaktoru Dilşad Əhmədova tövsiyəni qəbul etdiklərini, qarşı tərəfə öz mövqeyini ifadə etmək üçün şərait yaratmağa hazır olduqlarını bildirib.  

Komissiya üzvləri Bakı şəhər sakini Ələmşah Şükürovun “Zamanın sınağında” qəzetinə qarşı şikayətinə də baxıb. Komissiya müəyyən edib ki, tərəflər arasındakı mübahisənin araşdırılması  hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir. Şikayətçiyə aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub.

24.08.2022