Ustad jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimatı keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasında ustad jurnalist Şamil Şahməmmədovun xatirəsinə həsr olunmuş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının təqdimatı keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, adını Azərbaycanın jurnalistika tarixinə əbədi yazdırmış söz fədaisi Şamil Şahməmmədovla bağlı kitabın ərsəyə gəlməsi onun əməyinə, həyat missiyasına böyük dəyərin müstəsna nümunəsidir. “Kitabın adı Şamil müəllimin xarakterindəki xüsusiyyətlərin bir növ toplusudur. Mən onun sərtliyini daha çox tələbkarlıq kimi qiymətləndirərdim. İşə prinsipial yanaşması ilə seçilirdi. Rəhbərlikdə müdrik sima idi və hər kəsə qayğılı münasibətin nümunəsi də məhz o idi. Yaxşı yadımdadır, 12 il öncə burada biz onun 75 illik yubileyini keçirmişdik. Həmin məclisdə sənət dostları, həmkarları Şamil müəllim haqqında xoş sözlər deyir, xatirələrini bölüşürdülər. Özü başda oturmuşdu. Birdən mənə tərəf çevrilib çox sakit tərzdə dedi: “bunlar nə vaxt məni tərifləməyi dayandıracaqlar?” Təbii, tədbirdə çıxış edib xoş sözlərə görə hamıya təşəkkürünü ifadə etdi. Amma son dərəcə təvazökar idi”, - deyən Ə.Amaşov vurğulayıb ki, mənalı ömrünü tamamilə jurnalistikaya həsr etmiş Şamil Şahməmmədov Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filalogiya fakültəsinin jurnalistika şöbəsinin bitirmişdi. Bir müddət dövlət radiosunda çalışmışdı. Hələ tələbə ikən ustad Nəsir İmanquliyev onu “Bakı”-“Baku” qəzetinə dəvət etmişdi. Ş.Şahməmmədov paytaxtda tikinti bumunun yaşandığı ötən əsrin 60-70-ci illərində görülən işlərlə, məhşur binaların, ictimai iaşə obyektlərinin inşası ilə bağlı genişhəcmli, dolğun reportajları ilə bu janra özünəxas çalarlar gətirmişdi. 30 ilə yaxın “Bakı”-“Baku”da çalışmış böyük qələm sahibi nəşrdə sıravi müxbirlikdən baş redaktorluğadək yüksəlmişdi. Sevimli qəzetindən ayrıldıqdan sonra “Xalq qəzeti”ndə baş redaktor müavini kimi fəaliyyət göstərmişdi. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olmuşdu. “Mənə nə xoş ki, onunla birlikdə çalışmışam, ondan öyrənmişəm. Şamil müəllim sözün əsl mənasında jurnalistika məktəbi idi. Gənclərə peşənin sirlərini aşılayırdı. Bundan əsla yorulmazdı”, - deyən MŞ sədri əlavə edib ki, çoxşaxəli yaradıcılıq diapazonuna malik Ş.Şahməmmədov jurnalistika ilə yanaşı, ədəbi-bədii tərcümə ilə də məşğul olurdu. Futbolla əlaqədar təhlilləri oxucular tərəfindən böyük maraqla qarşılanırdı. Hər kəs onu həm də mahir idman jurnalisti kimi də tanıyırdı. Ə.Amaşov çıxışında həmçinin təqdimatı keçirilən “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabını ustad jurnalistin parlaq şəxsiyyətinə, yaradıcılıq irsinə dəyərin nümunəsi kimi qiymətləndirib.

Toplantıda çıxış edənlərdən “Bakı”-“Baku” qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, respublikanın əməkdar jurnalisti Etibar Babayev, veteran jurnalist Fazil Rəhmanzadə, “Bakı”-“Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyev, poliqrafçı alim Şəddat Cəfərov, “Xalq qəzeti”nin əməkdaşı İlqar Həsənov, Bakı Multikulturalizm Mərkəzinin əməkdaşı, tanınmış jurnalist Araz Qurbanov, “Xalq qəzeti”nin baş redaktor müavini, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, filalogiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin müəllimi Şəlalə Həsənova, AZTV-nin böyük redaktoru Aybəniz Məmmədəliyeva, “Yeni təfəkkür” qəzetinin baş redaktoru Şəmsiyyə Kərimova,  tanınmış veteran jurnalistlər - Vaqif Musayev, əməkdar jurnalist Əntiqə Qonaqova, Rafiq Həsənov, Hacı Mehman Fərzullayev  və başqaları Ş.Şahməmmədovla bağlı xatirələrini bölüşüblər. Onlar ustad jurnalisti peşəsinə sədaqət, prinsipiallıq simvolu kimi xarakterizə edən cəhətlərdən söz açaraq bildiriblər ki, belə bir şəxsiyyətin xatirəsinə ehtiram nümunəsi kimi ərsəyə gəlmiş “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabında yer almış məqalələr ona vəfa borcu olmaqla yanaşı, həm də tariximizin mühüm mərhələsinin öyrənilməsi baxımından mühüm materiallardır.

Qeyd edək ki, bu il “Elm və təhsil” Nəşriyyatında çapdan çıxmış “Şamil Şahməmmədov. Sərt, mərd, həmdərd” kitabının tərtibçisi və ön söz müəllifi tanınmış jurnalist Züleyxa Nadir, redaktorları Züleyxan Nadir və Zemfira Məhərrəmlidir. Nəşrdə sənət dostları və həmkarlarının müxtəlif illərdə ustad qələm sahibi ilə bağlı yazıları, həmçinin onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən fotolar yer alıb.

Onu da bildiririk ki, “Əməkdar mədəniyyət işçisi” fəxri adı, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmiş ilk jurnalisti olan Şamil Şəhməmmədov 1935-ci ildə Gəncədə anadan olmuş, 2021-ci ildə Bakıda vəfat etmişdir.

25.07.2022