Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkətlərlə bağlı məlumat yayıb

about1

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirovun xidməti vəzifəsini yerinə yetirən, hərbi helikopter qəzası zamanı həlak olmuş hərbçilərlə vida mərasimində çəkiliş aparmaq istəyən Baku TV-nin əməkdaşlarına qarşı nalayiq hərəkəti yolverilməzdir, jurnalistlərin sərbəst fəaliyyətinə maneçilik cəhdidir.

Media orqanının böyük ictimai və mənəvi əhəmiyyət daşıyan hadisəni işıqlandırmaq, bu xüsusda məlumat toplamaq məqsədinin qarşısı alınmamalıdır.

Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır.

Azərbaycan Mətbuat Şurası Baku TV-nin əməkdaşlarına münasibətdəki nalayiq rəftarı qətiyyətlə pisləyir. Şura Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin diqqətini baş vermiş hadisəyə çəkərək qurumu kobudluğa yol vermiş əməkdaşı barədə müvafiq ölçü tədbiri götürməyə çağırır.

Azərbaycan Mətbuat Şurası onu da bəyan edir ki, demokratik cəmiyyət, hüququ dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanda jurnalistlərin qanuni fəaliyyətinə maneçilik cəhdlərinin gələcəkdə də təkrarlanmaması üçün Baku TV əməkdaşlarının üzləşdiyi duruma həssas yanaşılması mütləqdir. Şura ümüd edir ki, bu yanaşma konkret əməllərdə əksini tapacaq, baş vermiş hadisəyə layiqli qiymət veriləcəkdir.

02.12.2021