Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Mətbuat Azadlığı Günü ilə bağlı onlayn konfransına qatılıb

about1

Bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 3 may Mətbuat Azadlığı Günü ilə bağlı onlayn rejimdə konfrans keçirib. Konfransda başlıca müzakirə mövzusu pandemiya şəraitində jurnalist fəaliyyətinin müxtəlif aspektləri olub.

MŞ sədri Əflatun Amaşov konfransdakı çıxışında mövzuya dair fikirlərini bölüşüb. O bildirib ki, Azərbaycanda pandemiya şəraiti jurnalist fəaliyyətinə də təsirsiz ötüşməyib, ancaq mövcud istiqamətdə hər hansı xüsusi məhdudlaşdırmalar qeydə alınmayıb. Yaranmış müəyyən anlaşılmaz durumlar Şuranın müvafiq dövlət qurumları ilə qarşılıqlı təmasları nəticəsində aradan qaldırılıb.

MŞ sədri həmçinin jurnalistlərin vaksinasiyası ilə bağlı məsələlərdən də söz açıb. O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda əməkdaşlarının sayının çox olduğu kütləvi informasiya vasitələrində aparıldığını bildirib. Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyinə diqqət çəkib. O, indiyədək 500-ə yaxın jurnalistin vaksinasiyadan keçdiyini vurğulayıb.

Şura sədri çıxışında habelə iştirakçıları Azərbaycanda koronavirusa ölkə miqyasında yoluxma halları, infeksiyanın qarşısının alınması, peyvəndləmə ilə əlaqədar da statistik göstəricilərlə tanış edib.

Konfransdakı müzakirələr gedişində media azadlığının və bu sahədəki problemlərin müxtəlif təzahür formalarına diqqət yetirilib, koronavirus pandemiyasının söz azadlığına təsiri müstəvisində tendensiyalar nəzərdən keçirilib. Bildirilib ki, pandemiya şəraiti həm jurnalistlərin sərbəst fəaliyyəti baxımından, həm də ümumən peşəkarlıq yanaşmalarında fərqli meylləri meydana çıxarıb. Əgər pandemiyanın ilk aylarındakı təlaş mühiti mediaya da ciddi təsirlər göstərirdisə, artıq bu sayaq hallarda azalmalar müşahidə edilməkdədir. Bununla belə sahəni diqqətdə saxlamağa ehtiyac var.

03.05.2021