Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri Əflatun Amaşov öncə Şuranın İdarə Heyətinin üzvlərini, bütövlükdə ölkənin media ictimaiyyətini müqəddəs Novruz bayramı münasibətilə təbrik edib. O bildirib ki, belə bir bayramın Qarabağın işğalının sona çatdığı zamanda qeyd edilməsi qürurvericidir, ona xüsusi rəng qatır, ovqat gətirir.

İclasın gündəliyindəki məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə media islahatlarına start verilib.  Dövlət başçısı 12 yanvar 2021-ci il tarixdə “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradılıb. Artıq media qanunvericiliyi sahəsində bir sıra işlər reallaşdırılmaqdadır. “Təbii ki islahatlar kifayət qədər geniş diapazona malikdir. Azərbaycan Mətbuat Şurası da zaman-zaman media məkanımızda səliqə-sahman yaradılması ilə bağlı təkliflərlə çıxış edib. Buna görə də istərdim ki, sizlər indi də islahatlara necə deyərlər, öz töhfənizi verəsiniz, təkliflərinizi səsləndirəsiniz”.

MŞ sədri gündəlikdə dayanan ikinci məsələnin işğaldan azad edilmiş torpaqlarımızdakı erməni vandalizminin izlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində medianın oynadığı rolun müzakirəsinin olduğunu vurğulayıb. Ə.Amaşov bildirib ki, məsələyə kifayət qədər sistemli baxış var. Düşmən tapdağından xilas olmuş bölgələrimizə istər yerli, istərsə də xarici medianın axını müşahidə edilməkdədir. Bu, son dərəcə vacib amildir. “Bu günlərdə Prezident Administrasiyasının təşkilatçılığı ilə media və qeyri-hökumət təşkilatları nümayəndələrindən ibarət geniş heyətin Ağdama səfəri təşkil olundu. Sizlər də həmin səfərdə iştirak etdiniz. Səfər hər birimizdə kifayət qədər geniş təəssürat yaratdı. Bu barədə maraqlı yazılar da oxuduq. Diqqət yetirməli olduğumuz məsələ işğaldan azad edilmiş bölgələrimizdə media aktivliyinin daha geniş miqyasda təmin edilməsi ilə bağlıdır. Mən burada dörd saatdan artıq davam edən tarixi mətbuat konfransını vurğulamaya bilmərəm. Cənab Prezident bu mətbuat konfransında suallara geniş və məzmunlu cavabları ilə sübut etdi ki, Azərbaycan hərbi yolla Qarabağa yiyələndiyi kimi, əməli fəaliyyət müstəvisində də ona sahib çıxacaq. Bu, dünya mediasına kifayət qədər ciddi mesaj idi. İstərdim ki, sizlər də həm bununla əlaqədar, həm də Qarabağda media aktivliyinin artırılmasına dair fikirlərinizi bölüşəsiniz”, - deyə Ə.Amaşov vurğulayıb.

MŞ sədri iclasın gündəliyində dayanan üçüncü məsələnin Şuraya yeni üzvlərin qəbulunun olduğunu deyib. O bildirib ki, üzvlük üçün müraciət edən media qurumlarının sayı 50-yə yaxındır. Katiblik 10-nunun üzərində dayanır. “Pandemiya dövrü olduğundan onların nümayəndələrini iclasa dəvət etməmişik. Amma müvafiq materiallar buradadır. İstərdim ki, bununla əlaqədar da fikirlərinizi bildirəsiniz”, - deyə MŞ sədri aydınlıq gətirib.

Toplantıda çıxış edən MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli gündəlikdəki birinci məsələ ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, jurnalist təşkilatları medianın görünən üzüdür. Onların mövcud sahədəki hadisə və proseslərə reaksiyalarını optimallaşdırmaq üçün dövlət tərəfindən bu qurumların fəaliyyətinə həssas yanaşılması zəruridir. Dövlətin müəyyən layihələrinin, xüsusən də jurnalistlərin peşəkarlığının artırılması, eləcə də dünya media standartlarının öyrənilməsi və cəmiyyətə çatdırılması ilə bağlı işlərinin stimullaşdırması faydalı nəticələr verəcək.

MŞ İdarə Heyətinin üzvü, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, medianın problemləri ilə media qanunvericiliyi anlayışları bir-birindən fərqlənir. Qanunvericilik təməldir, ancaq problemlərə xüsusi yanaşma vacibdir. Medianın problemlərinin isə həm də sosial problemlər müstəvisində qiymətləndirilməsinə ehtiyac duyulmaqdadır. E.Mirzəbəyli bu baxımdan mediada reklam işinin qanuni mexanizmlərinin olmasının zəruriliyi üzərində dayanıb. O bildirib ki, vaxtilə təcrübəsi Mətbuat Şurası tərəfindən öyrənilmiş Türkiyənin Basın Elan Kurumunun mexanizlərinin ölkəmizdə də tətbiqinə ehtiyac var. Baş redaktor həmçinin KİV  sahəsinə həssas yanaşmanın digər qanunvericilik sənədlərində də təsbitinin önəmindən danışıb, deyib ki, ona yanaşmanın başqa hüquqi şəxslərə yanaşmadan fərqli olması hazırkı vergi yükünü də azaldacaq.

MŞ İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redakotoru Aydın Quliyev istər peşəkarlıq meyarları, istərsə də Azərbaycan dilinin normalarının qorunması baxımından çap mediasının saxlanılmasının vacibliyindən söz açıb. Baş redaktor bu tip media vasitələrinin də dövlətin nəzərində saxlanılmasının əhəmiyyətini vurğulayıb. Təbii ki, çap mediası da dövrün tələblərinə adekvat fəaliyyət göstərməli, gözləntiləri doğrultmalıdır.

“Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı məsuliyyət çap mediasının üzərindədir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, əvvəllər bir adamın beş-altı qəzeti olurdusa, hazırda bir adamın beş-altı, bəzən daha çox saytı var və mövcud durum kifayət qədər ciddi problemlər yaradır. İslahatlar ilk növbədə məhz bu mənfi tendensiyanın qarşısının alınmasına yönəlməlidir.

MŞ İdarə Heyətinin üzvü Azər Həsrət çıxışında gündəlikdə dayanan ikinci məsələ ilə bağlı fikirlərini bölüşüb. O deyib ki, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu önəmlidir. A.Həsrət diqqəti jurnalistlərin daha çox xarici media vasitələrində məqalələrlə çıxış etmələrinin zəruriliyinə yönəldib. Buna görə onların işğaldan azad edilmiş bölgələrdəki insfrasturuktur layihələrinin açılışlarında bilavasitə iştirakını vacib sayıb.

Mövzunu davam etdirən MŞ İdarə Heyətinin üzvü, “Cümhuriyyət” qəzetinin və “Cebhe.info” saytının baş redaktoru Rafail Becanov jurnalistlərin işğaldan azad edilmiş bölgələrə səfərlərinin mütəmadi xarakter daşımasının faydalı tərəflərindən söz açıb. Baş redaktor eyni zamanda qanunvericiliyin media fəaliyyətinin sərhədlərini və göstəricilərini dəqiq müəyyənləşdirməsinin əhəmiyyətini qabardıb.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli iclasda müzakirə edilən birinci məsələyə dair fikrini bölüşüb. O deyib ki, medianın yaşadılması üçün təməllər olmalıdır. Elə təməllər ki, onların üzərində standartların tətbiqinə şərait yaransın. Qanunvericilik islahatlarından gözlənti də məhz budur.

İclasda qərara alındı ki, İdarə Heyətinin üzvləri özlərinin təkliflərini yazılı şəkildə MŞ-nin katibliyinə təqdim etsinlər, onların əsasında da vahid təkliflər planı hazırlansın.

10 KİV MŞ-yə üzv qəbul edildi

MŞ-yə yeni üzvlərin qəbulu məsələsində müzakirəyə çıxarılan 50-yə müraciətdən ilkin mərhələdə 10-nun üzərində dayanmaq məqbul sayıldı. “Nedelya” qəzetinin, “Avtosfer.az” saytının, “Mir literaturı” qəzetinin, “Dialoq.info” saytının, “Aran” qəzetinin, “Ens.az” saytının, “Azərbaycanım” beynəlxalq jurnalının, “Redaktor.az” saytının, Poliqon İnformasiya Agentliyi (pia.az) və “Rubrika.az” saytının Şuraya üzvlüyə qəbuluna dair qərar verildi.

***

Cari məsələlərlə bağlı müzakirədə son zamanlar mediada və sosial şəbəkələrdə intihar xəbərlərinin artmasından narahatlıq ifadə edilib. MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şura müxtəlif illərdə bununla əlaqədar KİV-lərə müraciətlər ünvanlayıb, məsələyə həssaslıq göstərilməsi ilə bağlı tövsiyələr verib. İndi də eyni fəaliyyət davam etdirilməkdədir: “Əslində medianın intihar hadisələrini işıqlandırmaması kimi bir qadağa yolverilməzdir. Sadəcə burada ictimai motiv olmalıdır. Əgər belə bir motiv yoxdursa, KİV-in peşəkarlığı odur ki, o mövzuya toxunmasın. Təəssüf ki, bir çox hallarda sosial şəbəkələrdə yayılmış hansısa intihar səhnəsi də KİV üçün materiala çevrilir. Məsələyə müvafiq dövlət qurumları da həssas yanaşmalıdırlar. Bir daha deyim, intiharlarda ictimai motiv yükü varsa, yalnız o zaman onun informasiya dəyəri olur”.

Cari məsələlərlə bağlı eyni zamanda MŞ İdarə Heyətinin üzvlərinin müharibədə döyüşmüş jurnalistlərlə görüşünün təşkili, Azərbaycan mediasının 44 günlük Vətən Müharibəsində iştirakı ilə bağlı toplunun hazırlanması, habelə Vətən Müharibəsi ilə bağlı müsabiqənin təşkili məsələləri nəzərdən keçirilib.

19.03.2021