Azərbaycan Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanladı
Azərbaycan Mətbuat Şurası İndenoziya Jurnalistlər Assosiasiyasına Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı bəyanat yayması səbəbilə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir:
“İndoneziya Jurnalistlər Assosiasiyası fevralın 26-da Xocalı soyqırımın 29-cu ildönümü ilə bağlı bəyanat yayıb. Jurnalistika və medianın bəşər sivilizasiyasının formalaşmasına öz töhfələrini verdiyinin açıqlandığı sənəddə Azərbaycan xalqına və Xocalı faciəsinin qurbanlarının ailələrinə başsağlığı diləkləri ifadə olunub. Bununla bağlı Azərbaycan Mətbuat Şurası ölkənin media ictimaiyyəti adından Assosiasiyaya, onun rəhbərliyinə, ümumilikdə İndoneziya jurnalistlərinə dərin təşəkkürünü bildirir.
Jurnalistika bəşəri cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və prinsipial mövqe tutmalıdır. Onun bu dəst-xətti peşəkarlığa əsaslanmış bəşəri mahiyyət daşıyır. Təəssüf ki, biz bir çox hallarda tam əks məqamları, medianın hadisə və proseslərə reallıqları deyil, siyasi məsələləri əsas götürərək reaksiya verdiyini görürük. O da təəssüf doğurur ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması da zaman-zaman məhz bu yanaşmanın mənfi təsirinə məruz qalıb. Ancaq sevindirici haldır ki, faciəyə obyektiv qiymət verən kütləvi informasiya vasitələrini sayı artmaqdadır.
İndoneziya Jurnalistlər Assosiasiyasının bəyanatını Xocalı həqiqətlərinə, bütövlükdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalının gətirdiyi faciələrə obyektiv qiymətin verilməsi istiqamətində mühüm və əhəmiyyətli addım hesab edirik. Ümüdvarıq ki, bu bəyanat dünyanın digər dövlətlərindəki jurnalist birlikləri üçün də nümunəyə çevriləcəkdir.
Bir daha tarixi ənənələrə, zəngin təcrübəyə malik İndoneziya Jurnalistlər Assosiasiyasına və onun rəhbərliyinə Xocalı soyqırımına həssas yanaşdığına görə dərin təşəkkürümüzü bildiririk”.