Azərbaycan Mətbuat Şurasının 2020-ci ildə gördüyü işlərə dair hesabatı

about1

2020-ci ildə Azərbaycan Mətbuat Şurasının fəaliyyətində iki başlıca ənənəvi xətt olub.

1. Şikayətlərin araşdırılması - ümumi işlərin 54,2 faizini əhatə edib.

2. Müxtəlif istiqamətləri əhatə edən fəaliyyət - ümumi işlərin 45,8 faizini əhatə edib.

I. ŞİKAYƏTLƏRİN ARAŞDIRILMASI

2020-ci ildə Şuraya ümumilikdə 389 müraciət daxil olub. Onlardan 261-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. 128 müraciət digər məsələlərlə bağlı olub.

Şura Katibliyi 261 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 178 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 83 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 83 məsələdən 67-i komissiya səviyyəsində həllini tapıb. Digər 16 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.

261 şikayətin təsnifatı:

Ayrı-ayrı vətəndaşlar – 95;

Dövlət idarə, müəssisə və təşkilatları - 94,

Özəl müəssisələr – 72.

Ötən il ərzində müxtəlif məsələlərlə bağlı Şuranın İdarə Heyətinin 6, Şikayətlər üzrə Komissiyanın 11 iclası keçirilib.

Şikayətlərin KİV-lər üzrə təsnifatı aşağıdakı kimidir:

İnternet xəbər portallar – 73 %

İnformasiya agentlikləri – 16 %

Qəzetlər – 10 %

Jurnallar – 1 %.

Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan narazılıq:

Materialda qarşı tərəfin mövqeyinin işıqlandırılmaması – 38 %;

Şərəf və ləyaqətin təhqiri – 29 %;

İşgüzar nüfuzun ləkələnməsi – 24 %;

Digər narazılıqlar – 9 %.

Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərdə ifadə olunan tələb:

Yayımlanmış materialın silinməsi – 27 %

Təkzib verilməsi – 21 %;

Üzr istənilməsi – 19 %;

KİV-in fəaliyyətinin dayandırılması – 16 %;

Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 13 %;

Digər qanuni ölçü götürülməsi – 4 %.

Mətbuat Şurasının cavabdeh KİV-lərlə bağlı tədbirləri aşağıdakıları nəzərdə tutub:

Təkzib verilməsi – 44 %;

Qarşı tərəfin mövqeyinin işıqlandırılması – 35 %;

Məsələnin hüquqi müstəvidə araşdırılmasının zəruriliyi ilə bağlı şikayətçi tərəfin məlumatlandırılması – 12 %;

Şikayətə səbəb olmuş materialın silinməsi – 9 %.

II. MÜXTƏLIF İSTIQAMƏTLƏRİ ƏHATƏ EDƏN FƏALİYYƏT

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə həyata keçirdiyi tədbirlərə dəstək verib, jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinin səmərəliləşdirilməsi istiqamətində Operativ Qərargah və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb. Bunun nəticəsində 20-dək redaksiyanın ümumilkdə 30-dan çox əməkdaşının, həmçinin onlarla müstəqil jurnalistin iş sərbəstliyi qanunvericiliyə və qoyulmuş qaydalara uyğun tənzimlənib. Bu fəaliyyət 2020-ci ilin mart-iyun aylarını əhatə edib.

Digər fəaliyyət istiqamətləri ilə bağlı xronologiya aşağıdakı kimidir:

  • Yanvarın 15-də ATƏT-in Azərbaycanda Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Mətbuat Şurasında (MŞ) olub. Qonağa Azərbaycanda medianın hazırkı durumu, mövzu dairəsi və seçki prosesinə hazırlığı barədə, həmçinin Mətbuat Şurasının seçki ilə bağlı görəcəyi işlər barədə geniş məlumat verilib;
  • Yanvarın 21-də Qətərin Azərbaycana yeni təyin olunmuş səfiri Mətbuat Şurasında olub. Görüşdə Qətər mediası ilə Azərbaycan mediası arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib;
  • Yanvarın 31-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında olub. Görüşdə Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin hazırkı durumu nəzərdə keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb;
  • Fevralın 1-də Azərbaycan Mətbuat Şurası tərəfindən Avropa Şurası Parlament Assambleyasının “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər” adlı qətnaməsinə etiraz bildirilib. Bununla bağlı Şuranın rəsmi açıqlaması yayılıb;
  • Fevralın 6-da Özbəkistandan olan bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasında olub. Görüşdə türk dünyası media əlaqələrinin hazırkı durumu və bu xüsusda Özbəkistan medası ilə Azərbaycan mediası arasındakı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Qonaqların Azərbaycan mediası ilə bağlı sualları cavablandırılıb;
  • Fevralın 9-da Azərbaycan Mətbuat Şurasında medianın parlament seçkilərini işıqlandırması ilə bağlı “qaynar xətt”in təşkil edilib. Əvvəlcədən elan olunduğu kimi, Şuranın 441 35 96  şəhər və (050) 206 96 02 mobil telefon nömrələri “qaynar xətt” rejimində fəaliyyət göstərib. “Qaynar xətt”ə ayrı-ayrı jurnalistlərin seçki məntəqələrində üzləşdikləri anlaşılmazlıqlara müdaxilə edilib, onların tez bir zamanda aradan qaldırılması təmin edilib;
  • Fevralın 10-da Mətbuat Şurası medianın parlament seçkilərini işıqlandırmasına dair monitorinqinin nəticələrini açıqlayıb.

Monitorinqdə məqsəd ölkənin aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmasındakı nəzərəçarpan peşəkarlıq meyllərini müəyyənləşdirməkdən və bununla əlaqədar cəmiyyəti məlumatlandırmaqdan ibarət olub. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materialları, “qara piar” halları nəzarətdə saxlanılıb.

Monitorinq 3 mərhələdə keçirilib:

  1. Milli Məclisə seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövr – 5 dekabr 2019-16 yanvar 2020;
  2. Təbliğat-təşviqat kampaniyası dövrü - 17 yanvar – 7 fevral 2020;
  3. Seçki günü medianın fəaliyyəti. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi – 9 fevral 2020.

20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri onu deməyə əsas verib ki, namizədlərin təbliğat-təşviqat işlərini aparmaları üçün meydan kifayət qədər geniş olub. Mövcud şərait medianın seçki prosesinə həssas yanaşmasını təsdiqləyən mühüm göstərici kimi nəzərə alınıb.

Əvvəlki seçki illəri ilə müqayisədə medianın 9 fevral parlament seçkiləri ilə əlaqədar fəaliyyəti daha aktiv təsir bağışlayıb. Bunu həm materialların çoxluğundan, həm mövzuya yanaşmadakı forma və üsullardan görmək mümkün olub. Ümumən materialların təqdimatında peşəkar yanaşma müşahidə edilib. Eyni zamanda qeyri-peşəkarlıq, qərəz nümayişi halları da nəzərə çarpıb.

Qəzetlərlə elektron informasiya resurslarının seçki materiallarının müqayisəsi onu göstərib ki, ikincilər birincilərdən nəzərəçarpacaq dərəcədə üstündürlər. İnternet media vasitələri seçki məsələlərinə daha çox yer ayırıblar.

1. Milli Məclisə seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövrdə monitorinqi aparılmış KİV-lərdəki seçki ilə bağlı materiallar onların ümumən yayımladıqları materialların təqribən 30 faizini təşkil edib.

Göstərilən müddətdə internet informasiya resursları qəzetlərə nisbətən seçki mövzusuna daha rəngarəng yanaşma tərzi nümayiş etdiriblər. Lakin bu dövrdə rəsmi məlumatlara istinad faizi baxımından qəzetlər üstün olub. Onların yayımladıqları materialların təqribən 75-80 faizi rəsmi məlumatlardır. Bura əsasən Mərkəzi Seçki Komissiyasının (MSK) xəbərləri daxildir.

İnternet informasiya resurslarının materiallarında da MSK-ya istinad nəzərə çarpsa da, onlar müxtəlif sosial şəbəkə profillərində yayımlanmış xəbərlərə də geniş yer veriblər. Bu baxımdan namizədliyini irəli sürmüş şəxslərin facebook sosial şəbəkəsindəki qarşılıqlı ittihamlarının işıqlandırılması faktları diqqət çəkib. İnternet media orqanlarında habelə hansısa namizəd barədə facebook sosial şəbəkəsi vasitəsilə dövriyyəyə buraxılmış fikirlərin “qara piar” kimi istifadəsinə də rast gəlinib.

Monitorinqi aparılmış kütləvi informasiya vasitələrində peşə prinsiplərinin pozulmasının konkret təmayüllərinə gəlincə, burada daha çox işgüzar nüfuza xələl gətirmə halları diqqət çəkib. Bu hallar ümumi pozuntuların 50 faizdən çoxunu təşkil edib.

2. Təbliğat-təşviqat kampaniyasına rəsmən start verildiyi 17 yanvar tarixindən 30 yanvar tarixinədək yayımlanmış materiallar say baxımdan əvvəlki mərhələdəki media materiallarını xeyli üstələməkdədir. Əgər Milli Məclisə seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək KİV-lərdə seçki ilə bağlı yayımlanmış materiallar ümumu materialların 30 faizini təşkil edirdisə, təbliğat kampaniyasının başlanmasından sonra bu rəqəm 70 faizə yaxınlaşıb. Müvafiq olaraq işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin aşağılanması ilə müşaiyət olunan “qara piar” faktlarının da sayı artıb. Pozitiv məqam bundan ibarətdir ki, KİV-lər ayrı-ayrı namizdələrin sosial şəbəkələrdə yaydıqları təbliğat materiallarına da geniş yer veriblər.

3. Seçki günü medianın fəaliyyəti. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi

Seçki günü medianın prosesdəki aktivliyi özünün ən yüksək səviyyəsinə çatıb. Həmin gün yayımlanmış seçki materialları monitorinqi aparılmış KİV-lərin ümumi materiallarının 85 faizini təşkil edib. Bu isə onu söyləməyə əsas verib ki, jurnalistlər ölkə və xalq üçün böyük əhəmiyyət daşıyan prosesə həssaslıqla yanaşıblar. Monitorinqi aparılmış KİV-lərdə sükut gününün tələblərinə də ümumən riayət olunub.

Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkiləri günü fəaliyyətini iki istiqamətdə qurub.

Bunlardan birincisi Şurada “qaynar xətt” rejimi təşkili olub.  Şuranın  (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri fevralın 9-da saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb. 

Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. Müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.

Ümumən jurnalistlərin seçkini işıqlandırmaları sahəsindəki vəziyyət onların peşə fəaliyyətlərini həyata keçirmələri üçün qənaətbəxş şəraitin olduğunu söyləməyə əsas verib. Bunu sosial şəbəkələrdə və internet saytlarda yayımlanmış video-görüntülərin çoxluğu sübut edib. Lakin onu da bildirmək lazımdır ki, bəzi seçki məntəqələrində jurnalistləri çəkiliş aparmağa imkan verməmək halları özünü göstərib. Mövcud xüsusda media təmsilçiləri ilə gərəksiz mübahisələr, onların işinə yersiz müdaxilələr qeydə alınıb. Çox zaman, bu, məntəqə rəhbərliyindəki şəxslərin media ilə münasibəti düzgün qurmaq sahəsində yetərincə səriştəyə malik olmamasından irəli gəlib. Mətbuat Şurasının müşahidələri eyni zamanda onu da müəyyənləşdirib ki, bəzi hallarda jurnalistlər də üzərilərinə düşən missiyanı düzgün yerinə yetirməyiblər. Belə ki, onların qanunsuz kimi qiymətləndirdikləri vəziyyətlərə müdaxilə, mübahisə, jurnalist etikasından kənar münasibət, çağırış halları qeydə alınıb. Halbuki həmin durumlarda jurnalistin vəzifəsi vəziyyəti işıqlandırmaq, konkret sual verib cavab almaq idi. 

MŞ-nin 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin keçirildiyi gün ilə bağlı ikinci fəaliyyəti seçki məntəqələrində müşahidələrin aparılması olub. Belə ki, qurumun İdarə Heyətinin üzvləri kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini aparıblar. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinin fəaliyyətlərinə heç bir maneə qeydə almayıblar.

***

  • Fevralın 12-də Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci ildə keçirilmiş parlament seçkiləri və seçkidən sonra yaşanmış hadisələri cəmiyyətə çatdırmaq meylləri ilə bağlı bəyanat yayıb. Bəyanatda yaşanmış mübahisələrin, anlaşılmazlıqların, gərgin durumların söz azadlığı müstəvisində dəyərləndirilərək kütləvi informasiya vasitələrinin işinin məhdudlaşdırılması kontekstinə daşınmasından, belə fikir və mülahizələrin formalaşmasına əsas verən şübhəli durumların yaranmasından narahatlıq ifadə olunub, jurnalistlər seçki materiallarının təqdimatına peşəkar yanaşmağa, bununla bağlı həssaslıq nümayişinə çağırılıb;
  • Fevralın 14-də Azərbaycan Mətbuat Şurası tərəfindən milli mətbuatımızın görkəmli nümayəndəsi Nəsir İmanquliyevə həsr olunmuş “Mətbuat fədaisi” kitabının təqdimat mərasimi təşkil olunub;
  • Fevralın 16-da Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu Mərkəzi Seçki Komissiyasının önüdə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Monitorinq zamanı hər hansı insident qeydə alınmayıb. Şura jurnalistlərin sərbəst şəkildə öz peşə vəzifələrini yerinə yetirə bilmələrinə dair məlumat yayıb. Məlumatda həmçinin bəzi jurnalistlərin əyinlərində üzərində “PRESS” yazılmış gödəkçəlrin olmadığı, mövcud durumun nəzərə alınmasının vacibliyi vurğulanıb;
  • Fevralın 27-də Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Andrey Maslin və Səfirliyin ikinci katibi Alina Zolotaryeva Azərbaycan Mətbuat Şurasında olublar. Görüşdə Rusiya və Azərbaycan mediası arasındakı əlaqələrin hazırkı durumu müzakirə edilib;
  • Martın 4-də Azərbaycan Mətbuat Şurası tərəfindən koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə müraciət ünvanlanıb;
  • Martın 14-də Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirusla əlaqədar tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri barədə məlumatında media orqanları ilə bağlı bir sıra məqamlara aydınlıq gətirən açıqlama yayıb;
  • Martın 23-də Azərbaycan Mətbuat Şurası KİV-lərinə koronavirus dövründə fəaliyyətə dair tövsiyə mətni ünvanlayıb;
  • Martın 31-də Azərbaycan Mətbuat Şurası tərəfindən xüsusi karantin rejimində çalışan jurnalistlərə növbəti tövsiyələr ünvanlanıb;
  • Aprelin 6-da Beynəlxalq Jurnalistlər Federasiyasının koronavirus dövründə medianın fəaliyyətinə dair tövsiyələri Azərbaycanın media ictimaiyyətinə təqdim edilib;
  • Aprelin 11-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Koronavirus: xüsusi karantin rejimində medinın fəaliyyəti" mövzusunda onlayn konfrans təşkil olunub. Konfranda 60-dan çox KİV nümayəndəsinin iştirakı təmin edilib;
  • Aprelin 18-də Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə “QHT-media əməkdaşlığı” mövzusunda onlayn konfrans təşkil edib. 300-dək nümayəndənin qatıldığı tədbirin sonunda Prezident İlham Əliyevə müraciət mətni oxunub;
  • Aprelin 22-də Mətbuat Şurası tərəfindın Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş qanvermə aksiyasında jurnalistlərin iştirakı təmin edilib. 80-ə yaxın jurnalist aksiyada iştirak edib. Sonrakı günlərdə də aksiyaya qoşulan media təmsilçiləri  olub;
  • Mayın 3-də Azərbaycan Mətbuat Şurasının sədri və müavinləri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfransında iştirak ediblər;
  • Mayın 6-7-də MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının koronavirus pandemiyası dövründə medianın roluna həsr olunmuş onlayn konfranslnda iştirak edib;
  • İyunun 5-də Azərbaycan Mətbuat Şurası Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu məhdudiyyətləri ilə bağlı ölkə jurnalistlərinə müraciət ünvanlayıb. Müraciətdə jurnalistlərin də qoyulan məhdudiyyətlərə əməl etmələrinin zəruriliyi vurğulanıb;
  • İyunun 11-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 10 üzvü Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının pandemiya dövründə medianın fəaliyyətinə həsr olunmuş onlayn konfransında iştirak edib;
  • İyunun 12-də Mətbuat Şurasının nümayəndələri ali məktəblərin jurnalistika fakultələrinin magistr pilləsinə qəbulla bağlı keçirilmiş qabiliyyət imtahanının təşkilində iştirak ediblər;
  • İyunun 17-də MŞ sədri Azərbaycan Vətəndaş Hərəkatı təmsilçiləri olan jurnalistlərlə görüşüb;
  • İyunun 26-da Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanununun tətbiqi və Azərbaycan Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliyə əsasən İnzibati Xətalar Məcəlləsinə yeni maddə (533-1) əlavə edilib. Bu maddə kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması ilə bağlı cərimələrin nəzərdə tutur. Belə ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Mətbuat Şurasının sədri və müavinlərinə həmin cərimələrin tətbiqi üçün protolol tərtib edərək məhkəməyə göndərmək səlahiyyəti verilib.
  • İyulun 13-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi əməliyyatların davamlı xarakter alması ilə bağlı Azərbaycan mediasına müraciət ünvanlanıb. Jurnalistlərin peşə vəzifələrinə həssas yanaşmaları tövsiyə olunub;
  • “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Prezident Sərəncamından irəli gələn fəaliyyət. İyulun 10-da Mətbuat Şurasına təltiflərlə bağlı jurnalistlərdən gələn müraciətlər sistemləşdirilərək Prezident Administrasiyasına göndərilib;
  • İyulun 20-də qocaman jurnalist, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədovla bağlı “XX-XXI əsrlərin qovşağında milli mətbuatın çətin və şərəfli mübarizəsi. Teymur Əhmədovun jurnalistlik fəaliyyətinə bir nəzər” kitabının onlayn rejimdə təqdimatı təşkil olunub;
  • İyulun 24-də Azərbaycan Mətbuat Şurası tərəfindən beynəlxalq media təşkilatlarına - Beynəlxalq Jurnalistlər Federasiyasına və Beynəlxalq Mətbuat İnstitutuna Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandıran Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının ağır xəsarət alması ilə bağlı etiraz məktubu göndərilib;
  • Avqustun 16-da MŞ sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında iştirak edib. Tədbirdə üzv ölkələrdə pandemiya dövründə medianın durumu, jurnalistlərin ilk mənbədən informasiya almaları sahəsindəki vəziyyət və bu istiqamətdə görülmüş işlər barədə söhbət açılıb;
  • Avqustun 26-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Bakı-Baku.az” saytının onlayn rejimdə təqdimatı keçirilib;
  • Senytabrın 19-da Mətbuat Şurası Avropa Şurasının Bakı ofisi ilə birgə “Jurnalist etikası və pandemiyanın mediada işıqlandırılması”   mövzusunda təlim keçirib.

III. Vətən müharibəsi ilə bağlı fəaliyyət

27.09.2020. Vətən müharibəsinin başlanması ilə əlaqədar KİV-lərə müraciət. Müraciətdə informasiya müharibəsinin önəmi vurğulanıb, jurnalist peşəkarlığına riayət edilməsinin mühüm əhəmiyyət daşıdığı izah olunub;

28.09.2020. Azərbaycan Mətbuat Şurası KİV-lərin komendant saatı müddətindəki fəaliyyətinə dair məlumat yayıb. Məlumatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı ilə təsdiqlənmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısında kütləvi informasiya vasitələrinin də göstərildiyi bildirilib, müvafiq icazə proseduru izah edilib, qoyulan qaydanın pozulmasının yolverilməzliyi əsaslandırılıb;

30.09.2020. Rusiya KİV-lərinin Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmalarına, ölkə ictimaiyyətini yanlış, qeyri-obyektiv məlumatlandırmalarına dair Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlanıb;

01.10.2020. Azərbaycan Mətbuat Şurası jurnalistlərin cəbhəboyu ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirmələrinə dair tövsiyə mətnini yayıb;

09.10.2020. Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri ilə bağlı bəyanat. Bəyanatda Azərbaycanın razılığı olmadan bölgəyə jurnalist səfərlərinin həyata keçirilməsinin yolverilməzliyi, Ermənistanın bilərəkdən xarici jurnalistlərin həyatlarını təhlükəyə atdığı vurğulanıb;

12.10.2020. TASS İnformasiya Agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya təzyiqlə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət;

16.10.2020. Ermənistanın sosial şəbəkələrdəki təxribatları ilə bağlı yerli kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət;

19.10.2020. AZTV-nin çəkiliş qrupunun atəşə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət;

24.10.2020. Fransanın “TF1” telekanalının üzləşdiyi durumla bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət;

26.10.2020. Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb. Bununla bağlı onlayn kobfrans təşkil olunub;

27.10.2020. “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xarici media birliklərinə, beynəlxalq təşkilatlara və insan hüquqları sahəsindəki qurumlara müraciət;

06.11.2020. Erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət;

16.11.2020. Azərbaycan yer adlarının düzgün istifadəsi ilə bağlı dünyanın KİV-lərinə və jurnalist təşkilatlarına müraciət;

24.11.2020. “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət;

26.11.2020. Fransanın kütləvi informasiya vasitələrinə müraciət. Müraciətdə ölkəmizin media ictimaiyyətinin nümayəndələrinin, müstəqil jurnalistlərin Fransa Senatının “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnaməsindən narahatlıq keçirdikləri və təəssüfləndikləri bildirilib;

05.10.-25.11.2020 – Cəhbədə döyüşən jurnalistlərin ailələrinə baş çəkilməsi, yardım edilməsi. 20-dək jurnalist ailəsi ziyarət edildi, onlara yardım olundu. Yardım kampaniyası Mətbuat Şurası İdarə Heyətinin üzvləri və baş redaktorlar tərəfindən təşkil edildi.

19.01.2021