Nekroloq Əli İldırımoğlu
Jurnalistikamızın ustad simalarından olan, respublikanın əməkdar jurnalisti, “Şöhrət” ordenli qələm sahibi Məmişov Əli İldırım oğlu (Əli İldırımoğlu) vəfat edib. Dünən 93 yaşını qeyd edən ustad sənətkarın yoxluğu hamımız üçün böyük itkidir. Mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk.
1927-ci ildə Zəngilan rayonunda anadan olmuş Əli İldırımoğlu uzun, mənalı ömür yaşadı, onu tanıyanların qəlbində özünə əbədi məhəbbət qazandı. Bu yüksək statusu səmimiyyəti, qayğıkeşliyi, zəhmətsevərliyi, bitib-tükənməyən yazıb-yaratmaq eşqi ilə əldə etdi. Jurnalist sənətinin, ümumən yaradıcılığın elə bir sahəsi olmadı ki, orada Əli müəllim qələminin izi-sorağına rast gəlinməsin.
Yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən, romanlardan ibarət sənət salnaməsinin müəllifi olan Əli İldırımoğlunun Qubadlının “Avanqard” qəzetindən başlanmış jurnalistlik fəaliyyətində “Xalq qəzeti”nin (o zamankı “Kommunsit” qəzeti) müstəsna rolu olmuşdur. O, 1955-ci ildən 1990-cı ilədək məhz bu nəşrdə çalışmışdır.
Əli müəllim jurnalistikamızla yanaşı, publisistikamızın və ədəbiyyatımızın da görkəmli nümayəndəsidir. Onun əsərləri düşündürücülüyü, məxsusi məzmunu, sujet xətti ilə fərqlənir, yaddaşlara yol tapır.
Böyük ürək sahibi Əli İldırımoğlunun əziz xatirəsi də daim ürəklərdə yaşayacaqdır.
Bir daha mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!