Azərbaycan Mətbuat Şurası “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı müraciət yayıb

about1

Müraciət xaricdəki nüfuzlu media birliklərinə, beynəlxalq təşkilatlara və insan hüquqları sahəsindəki qurumlara ünvanlanıb

“Euronews” telekanalının çəkiliş qrupu Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşə faəliyyətini yerinə yetirərkən, Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub. Azərbaycan Mətbuat Şurası olaraq baş vermiş hadisəni qətiyyətlə pisləyirik. Bu, ümumilikdə söz və ifadə azadlığına yönəlmiş hücumdur.

Cəbhə bölgəsində peşə borcunu yerinə yetirən jurnalistlərin Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalması faktları çoxalmaqdadır. İndiyədək Azərbaycan jurnalistləri 4 dəfə onların hücumuna məruz qalıblar. “Euronews”un materialından aydın görünür ki, onların hədəfi məhz bu telekanalın çəkiliş qrupu olub. Xoşbəxtlikdən media orqanının əməkdaşları xəsarət almayıblar, yalnız avtomobilə ziyan dəyib.

Məsələ nəinki Azərbaycan jurnalistlərində, eləcə də ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Eyni narahatlığı dünya ictimaiyyətinin də bölüşməli olduğu qənaətindəyik. Çünki Ermənistan silahlılarının açdıqları atəş məqsədyönlü xarakter daşıyır. Onlar istəyirlər ki, cəbhənin Azərbaycan reallıqları beynəlxalq aləmə çatdırılmasın. Hər vasitə ilə bunu əngəlləməyə çalışırlar. Erməni lobbisinin cəbhə xəttinin Azərbaycan hissəsindən reportaj yayımlamış Fransanın “TF1” telekanalına təzyiqləri, xüsusən reportajın müəllifi xanım Liseron Budulun ölümlə hədələnməsi, təhqirlərlə üzləşməsi deyilənlərin sübutudur.

Reallıq budur ki, Ermənistan cəbhədə məğlub durumdadır və bunun heyfini dinc əhalidən çıxmağa çalışaraq Azərbaycanın kənd və qəsəbələrini, rayon mərkəzlərini atəş altında saxlayır. Nəticədə mülki şəxslər arasında çoxsaylı ölən və yaralananlar var, minlərlə ev dağılıb, əhalinin təsərrüfatına külli miqdarda ziyan dəyib. Ermənistan hakimiyyəti dünyanın məhz bu vandallığı bilməsinin qarşısını almaq istəyir. Ona görə jurnalistləri hədəf seçir.

Azərbaycan Ordusunun ruh yüksəkliyinin, vətəndaşlarının mərd xüsusiyyətlərinin, düşməndən qorxmayaraq evlərini tərk etməməməsinin göstərilməsi Ermənistan hakimiyyəti üçün sərfəli deyil. Bu, işğalçı ölkə daxilindəki gərginliyi artıran amildir. Ona görə bölgədə fəaliyyət göstərən jurnalistlərə atəş açır, onları qorxudaraq ərazidən uzaqlaşdırmağa cəhd göstərirlər.

Azərbaycan Mətbuat Şurası olaraq bir daha “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik. Hesab edirik ki, bununla Ermənistan hakimiyyəti özünün təcavüzkar mahiyyətini azad media dəyərlərinə münasibətdə də göstərməkdədir. Şura bu kimi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla məsələ ilə bağlı beynəlxalq miqyasda ciddi və sərt reaksiyaların formalaçağına əminliyini bildirir. Azərbaycan jurnalistlərinin, bütövlükdə ölkə ictimaiyyətinin gözləntisi budur.

27.10.2020