Azərbaycan Mətbuat Şurası Fransanın “TF1” telekanalının üzləşdiyi durumla bağlı müraciət yayıb

about1

Azərbaycan Mətbuat Şurası Fransanın “TF1” telekanalının yerli erməni lobbisi tərəfindən təhqir və hədə-qorxularla üzləşməsi ilə bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə bildirilib:

2020-ci il sentyabrın 27-dən aktiv hərbi əməliyyatlar mərhələsinə keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu, həm Azərbaycan xalqının haqlı mövqeyinin təbliği, həm də ümumən dünyanın Qarabağ məsələsinə ədalətli münasibətinin formalaşması baxımından müstəsna əhəmiyyət daşımaqdadır

Torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi Azərbaycanın 1 milyondan çox qaçqın və köçkünü var. Onlar Dağlıq Qarabağı və işğal edilmiş yeddi rayondakı evlərini məcburi tərk etmiş vətəndaşlarımızdır. Bir insanın 30 il doğulduğu, boya-başa çatdığı torpağa, yaşadığı evə gedə bilməməsinin nə demək olduğunu təsəvvür edə bilməzsiniz. Xalqımız bu məhrumiyyətlərlə yaşamaqdadır.

Təəssüf ki, dünya ictimaiyyəti ötən 30 ildə sadaladığımız reallıqlara biganə qalıb. Bu, 1 milyon azərbaycanlının taleyinə biganəlikdir. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı şəraitdə Qərbin bir sıra kütləvi informasiya vasitələri Qarabağ həqiqətlərinə yenə ədalətsiz və qərəzli yanaşırlar. Bütün bunları görürük və Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirən KİV-lərin işinə dəyər verir, onların fəaliyyətini yüksək qiymətləndiririk. Fransanın “TF1” telekanalına rəğbətimiz də məhz bundan qaynaqlanır.

Telekanalın əməkdaşı xanım Liseron Budul Dağlıq Qarabağ münaqişəsindəki hazırkı durumu peşəkarlıqla diqqətə çatdırıb, özü şəxsən hərbi əməliyyatların getdiyi ərazidə, Ermənistanın Azərbaycanın mülki əhalisini kütləvi qırğın silahları ilə atəşə tutduğu Gəncə, Tərtər və digər bölgələrində olub. Onun hazırladığı material çalışdığı telekanalda yayımlanıb.

Onu da təəssüflə bildirməliyik ki, “TF1” telekanalı bu reportajı yaylmladıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri media orqanına və xanım Liseron Budula qarşı təzyiqlərə başlayıb. Onların açıq təhqirləri, ölüm hədə-qorxuları o həddə çatıb ki, telekanal həmin materialı sistemindən silmək məcburiyyətində qalıb.

Azərbaycan Mətbuat Şurası olaraq Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqıdan hiddətlənir, faktı qətiyyətlə pisləyirik. İfadə etdiyimiz mövqe bütövlükdə Azərbaycan jurnalistlərinin məsələyə sərt yanaşmasıdır.

Erməni lobbisinin özbaşınalığını ümumilikdə Qərb dəyərlərinə münasibətdə ciddi təhdid kimi qiymətləndiririk. Bu təhdid eyni zamanda qitə üçün olduqca mənfi presedentdir və əgər qarşısı alınmasa, daha ciddi fəsadlar törədə bilər. Düşünmək mümkündür ki, Avropanın istənilən ölkəsinin media orqanları tərəfindən Azərbaycan, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanmış obyektiv, qərəzsiz sujetlər, reportajlar erməni lobbisi tərəfindən təhdidlə qarşılanacaqdır. Sizlərdən belə bir acınacaqlı durumu yalnız təsəvvürə gətirməyinizi xahiş edirik. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük. İstərdik ki, sizlər də görəsiniz və önləyici tədbirlərin həyata keçirilməsi üçün dəstəyinizi əsirgəməyəsiniz.

“TF1” telekanalının üzləşdiyi təzyiq nəinki Fransada, ümumilikdə Avropada qanunçuluğa təhdiddir. Bu təhdid söz və ifadə azadlığı kimi ali dəyərləri heçə saymağı, mediaya, jurnalistə qarşı təzyiqi, hədə-qorxunu normaya çevirə bilər. İstərdik ki, bunu da nəzərə alasınız.

Biz, Azərbaycan jurnalistləri Sizləri – dünyanın aparıcı media qurumlarını, insan hüquqları birliklərini və beynəlxalq təşkilatları Fransanın “TF1” telekanalına, onun əməkdaşı  Liseron Budula qarşı Fransadakı erməni lobbisi tərəfindən həyata keçirilməkdə olan mənəvi təzyiqlərə, hədə-qorxulara biganə qalmamağa çağırırıq.

Biz Fransa hakimiyyəti orqanlarını “TF1” telekanalı ilə bağlı yaranmış durumu ciddi nəzarətə götürməyə səsləyirik. Arzu edərdik ki, Fransa hakimiyyəti hazırkı vəziyyətin həssaslığını nəzərə alaraq, erməni lobbisi tərəfindən ölümlə hədələnən xanım Liseron Budulun həyatı üçün təhlükə yarandığını düşünsün.

İstərdik ki, “TF1” telekanalı vaxtilə Məhəmməd Peyğəmbərlə bağlı karikatura yayımladığı üçün təzyiqlərlə üzləşən “Charlie Hebdo” satirik jurnalı kimi Fransa hakimiyyəti tərəfindən təhlükəsizlik himayəsinə alınsın.

Bir daha Sizləri “TF1” telekanalı ilə bağlı diqqətə çatdırdığımız məsələyə həssas yanaşmağa, söz və ifadə azadlığına qarşı açıq təhdidlərə susmamağa, məsələyə ciddi mövqe nümayiş etdirməyə çağırırıq. Qətiyyətinizə əminliyimizi bildiririk.

24.10.2020