Azərbaycan Mətbuat Şurasının Rusiya Jurnalistlər İttifaqına müraciəti

about1

Otuz ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, o cümlədən hərbi əməliyyatların intensiv xarakter alması dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir. Rusiya mediası da məsələyə fəal yanaşması ilə seçilir.

Rusiyanın ayrı-ayrı KİV-lərinin timsalında münaqişənin tarixinə, hazırkı durumuna marağın obyektiv təzahür formalarını, mövzuya dair peşəkar təqdimatları görür, yüksək dəyərləndirir, təşəkkürümüzü bildiririk.

Ümumən Rusiya cəmiyyətinin məsələdəki həssaslığı təbiidir. Ancaq təəssüf ki, ictimaiyyət ölkə mediasının timsalında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı əsasən qeyri-obyektiv şəkildə məlumatlandırılır. Hadisə və faktlara birtərəfli münasibət göstərilir. Təəssüf doğuran məqam isə budur ki, Rusiya KİV-lərinin məsələyə münasibətilə Ermənistan rəsmi dairələrinin, siyasilərinin yalan və iftiralara köklənmiş mövqeyi əksər hallarda üst-üstə düşür. Sıralarında Azərbaycanın aparıcı media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna etirazını bildirir.

Azərbaycan Mətbuat Şurası Qərb mediasının da Dağlıq Qarabağ münaqişəsinin hazırkı alovlanma səbəbləri və tarixi ilə bağlı materiallarını izləyir. Orada da birtərəfli şərhlərə rast gəlinməkdədir. Lakin müqayisəli yanaşdıqda, görürük ki, Rusiyanın bir sıra başlıca media orqanları obyektiv həqiqətlərə, real duruma qərəzli, ədalətsiz yanaşma, cəmiyyəti yanlış yönləndirmə baxımından Qərb ölkələrinin KİV-lərindən daha öndədir. Bu bizi çox məyus edir. Tam qətiyyətlə bildiririk ki, belələrinin yayımlarında, təhlillərində təsvir edilən Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin hazırkı inkişaf dinamikası ilə reallıq arasında heç bir əlaqə yoxdur. Hesab edirik ki, belə xoşagəlməz dəst-xəttin seçilməsi Azərbaycanın və Rusiyanın ictimaiyyət nümayəndələri, ziyalıları arasındakı dostluğa və səmimiyyətə əsaslanmış münasibətlərə məhəl qoymamaq cəhdidir. Bütün bunları nəzərə alaraq Sizlərə - Rusiya Jurnalistlər İttifaqının üzlərinə müraciət edirik.

Rusiya Jurnalistlər İttifaqı yalnız bir ölkənin deyil, ümumən dünyanın ən böyük, ənənələrə malik oturuşmuş jurnalist təşkilatlarındadır. O, Rusiya mediası və ictimaiyyəti ilə yanaşı, ümumən beynəlxalq media industriyasına təsirə malikdir. Azərbaycan Mətbuat Şurası bu qurumla əlaqələrimizdən məmnunuq. Sevindirici haldır ki, biz birgə əməkdaşlıq haqqında memoranduma malikik. Həmin sənəddə nəzərdə tutulan perspektiv planları, ən əsası isə təşkilatın Rusiya cəmiyyətindəki yüksək populyarlığını nəzərə alaraq istərdik ki, o, özünün səlahiyyətlərindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli təqdimatlara qarşı öz mövqeyini açıqlasın. Mütərəqqi, demokrarik ruhlu ictimai instutut olan Rusiya jurnalistikası Dağlıq Qarabağda, ümumən Rusiya üçün önəmlı olan, tarixi maraqlar baxımından əhəmiyyətli coğrafiya sayılan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, əminamanlığın və firavanlığın yaranmasında maraqlıdırsa, hansısa lokal mənafelərin təminatından mütləq şəkildə daşınmalı, hadisə və proseslərə məhz jurnalist peşəsinin prinsipləri baxımından yanaşmalıdır. Bu bizim arzu və istəyimizdir. Ümüd edirik ki, Rusiya Jurnalistlər İttifaqı da məsələyə öz dəstəyini ifadə edəcəkdir. Tam əmin edirik ki, bu dəstək nəinki münaqişə nəticəsində ərazi bütövlüyü, beynəlxalq müstəvidə təsbit olunmuş sərhəd toxunulmazlığı pozulmuş Azərbaycanın haqq işinə, eyni zamanda bəşəri ədalətin bərqərar olmasına müstəsna köməkdir.

30.09.2020