Mətbuat Şurasının sədri AVH təmsilçilərini qəbul edib

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təmsilçiləri - jurnalistlər Anar Turan, Vüsal Hətəmov, Mübariz Göyüşlü və Fərman Salmanlı ilə görüşüb.

Ə.Amaşov rəhbərlik etdiyi qurumun ictimai təşəbbüslərə hər zaman açıq olduğunu, bununla bağlı layihələri dəstəklədiyini vurğulayıb. MŞ sədri həmçinin bildirib ki, jurnalistlərin yaratdıqları təşkilatlar bir qayda olaraq fəallıqları ilə seçilirlər. Çünki bu sahədə çalışmış şəxslər cəmiyyəti daha yaxından bilmək bacarığına malikdirlər. Onlar konkret hədəfləri müəyyənləşdirməkdə çətinlik çəkmirlər. Bu baxımdan AVH-nin də gələcəkdə daha uğurlu təşəbbüslərə imza atacağı şübhəsizdir. Qurumun hazırda reallaşdırdığı tədbirlər mövcud istiqamətdə etibarlı baza formalaşdırıb.

Görüşdə Hərəkatın məqsəd və məramı, təsis olunma səbəbləri, gördüyü işlər barədə məlumat verilib. Hərəkat üzvləri təşkilatın əsas məqsədinin Azərbaycan dövlətinin, xalqının və Prezidentinin gördüyü işləri təbliğ etmək olduğunu vurğulayıblar. AVH-nin ziyalılarla, diplomatik korpus təmsilçiləri ilə görüşlərindən, Dərbənd şəhərinə və Keşikçidağ qoruğuna etdiyi səfərlərdən bəhs olunub. Gələcəkdə media, sosial şəbəkələr, informasiya və s. istiqamətlərdə əməkdaşlığın mümkünlüyünü vurğulayıblar.

Maraqlı müzakirə şəraitində keçmiş görüşdə müxtəlif əməkdaşlıq formaları da nəzərdən keçirilib.

17.06.2020