Mətbuat Şurasının sədrinin “Olaylar” qəzetinə yubiley təbriki

about1

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov özünün facebook hesabında “Olaylar” qəzetini nəşrin fəaliyyətə başlamasının 25 illiyi ilə bağlı təbrik edib.

Təbrikdə deyilir:

“Olaylar” qəzeti çağdaş Azərbaycan mətbuatında mühüm ictimai funksiya yerinə yetirmiş kütləvi informasiya vasitələrimizdəndir. Hesab edirəm ki, bu funksiya yalnız qəzetçilik ənənələrinə sədaqətə deyil, bütövlükdə Vətənə, torpağa fayda vermək əzminə köklənmiş xidmət nümunəsidir. 25 il öncə “Olaylar” bunun üçün meydana atıldı. Yeni gün uğrundakı mübarizəyə dəstək olmaq naminə fəaliyyətə başladı. Müsbət işləri təbliğ etdi, mənfi meyllərə qarşı cəbhə açdı.

Şübhəsiz, qəzetə rəhbərlik məsələsi önəmlidir. “Olaylar” əziz və istedadlı həmkarım Yunus Oğuzun Azərbaycan cəmiyyətinə qazandırdığı mətbuat orqanıdır. O Yunus Oğuzun ki, hələ bu nəşri yaratmazdan öncə də meydanlardaydı. Azərbaycanın müstəqilliyi üçün beyninin, zəkasının məhsulunu gərgin əməyindən doğan alın təri ilə sulayıb pöhrələndirirdi. Mübarizə aparırdı, ruhdan düşmürdü. Yunus Oğuz əzminin məhsulu olan “Olaylar” əsrin dörddə birini geridə qoyursa, bu, Yunus bəyin həyatının müstəsna mükafatıdır.

“Olaylar” peşəkar insanların ənənələrə söykənərək çalışdıqları praktik jurnalistika məktəbdir.  Bu məktəbin, dəyərlərə, prinsiplərə sadiq kollektivinin hər bir üzvünün əməyi xoş sözlərə layiqdir. Onlar ötən 25 ildə öz yollarını yaradıblar və onların yaratdıqları  yolun uğurlarına sevinənlər çoxdur. Bu sevinc həm də “Olaylar”ın cəmiyyətdəki populyarlıq göstəricisidir.

Əziz Yunus bəy, dəyərli “Olaylar”çılar Sizləri doğma qəzetinizin fəaliyyətə başlamasının 25 illiyi münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram”.

27.04.2020