Jurnalistlər qanvermə aksiyasında iştirak ediblər

about1

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə Şuranın İdarə Heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər Hemotologiya və Qanköçürmə Elmi-tədqiqat İnstitutunda qan veriblər. Beləliklə media təmsilçiləri ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasında həyata keçirilən qanvermə aksiyasına dəstəklərini ifadə ediblər.

Jurnalistlər öncə Hemotologiya və Qanköçürmə Elmi-tədqiqat İnstitutunda vətəndaşların qan vermələri üçün yaradılmış şəraitlə tanış olublar. Onlara ehtiyat qan bazası haqqında məlumat verilib, mövcud istiqamətdəki statistik rəqəmlər açıqlanıb. Müvafiq müayinədən keçdikdən sonra media təmsilçilərinin  donor olma imkanları öyrənilib.

Qeyd edək ki, ölkəmizdə müxtəlif qan xəstəliklərindən əziyyət çəkən çoxsaylı vətəndaşlarımız, əsasən də uşaqlar var. Koronavirus təhlükəsinin qaldığı hazırkı şəraitdə qan tədarükünün sabit saxlanmasına ciddi ehtiyac duyulur. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü qanvermə təşəbbüsü olduqca aktualdır, nəciblik və humanizm nümunəsidir.

22.04.2020