Azərbaycan Mətbuat Şurası QHT Şurası ilə birgə onlayn konfrans keçirdi

about1

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Mətbuat Şurası koronaviris (COVID-19) pandemiyası ilə mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunnuş onlayn konfrans keçirib. Tədbirdə ümumən 300-ə yaxın QHT təmsilçisi və media nümayəndəsi iştirak edib.

Toplantını giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev açaraq koronavirus təhlükəsi şəraitində Azərbaycan cəmiyyətinin bütövlük və həmrəylik göstərdiyini vurlayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu birliyin yaranmasında çox böyük əməyinin olduğunu bildirib. Ümumən Azərbaycan dövləti əməli tədbirlərlə sübut etdi ki, hər bir vətəndaş onun üçün əziz və doğmadır. Azərbaycanda vətəndaş həmrəyliyinin əldə olunmasında QHT sektorunun və medianın üzərinə böyük missiyanın düşdüyünü qeyd edib. A. Quliyev bu baxımdan hər iki qütbün əməkdaşlığının önəmindən söz açaraq konfransın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri  Əflatun Amaşov bildirib ki, həm media ictimaiyyəti, həm də QHT sektorunun nümayəndələri koronavirus infeksiyasına qarşı mübarizədə ciddi maarifləndirmə işi aparmaqdadırlar. Bu iş eyni zamanda ölkəmizin dövlət siyasətinin tərkib hissəsi kimi də diqqət çəkməkdədir. Bu gün mediamız və QHT-lərimiz ölkə Prezidenti cənab İlham Əliyevin, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırış və təşəbbüslərinə kifayət qədər məsuliyyət və həssaslıqla yanaşmaqdadırlar. Bu onun göstəricisidir ki, ölkəmizdə xalq-hakimiyyət vəhdəti ən yüksək səviyyədə təmin edilib. MŞ sədri çıxışında həmçinin media nümayəndələrini və QHT təmsilçilərini Heydər Əliyev Fondu təşəbbüsü ilə həyata keçirilən qanvermə aksiyasına qoşulmağa çağırıb.  

Toplantıda çıxış edən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu onlayn konfrans iştirakçılarının Prezident İlham Əliyevə müraciətini səsləndirib (Müraciətin linki əlavə olunur: http://presscouncil.az/az/news/154).

Toplantıda çıxış edənlərdən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Trend” İnformasiya Agentliyinin baş direktor müavini, Milli Məclisin deputatı Arzu Nağıyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, AZTV-nin ictimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru Sərvər Bayramov, “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri Nürəddin Mehdiyev, MŞ İdarə Heyətinin üzvü, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev, “Jurnalist Ekspert Mərkəzi” İB-nin sədri Ceyhun Musaoğlu, “Bələdiyyələrin İnkişafına Yardım” İB-nin sədri Niyaməddin Orduxanlı, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı, “Aktor.az” saytının baş redaktoru Telman İsa və başqaları çıxışlarında media-QHT əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı fikirlərini bildirib, perspektiv əməkdaşlıq məsələlərinə dair təkliflərini səsləndiriblər.

18.04.2020